Azərbaycan, Bakı, 04 avqust / Trend , müxbir E.İsmayılov /
ARDNŞ yaxın zamanlarda Azərbaycanın korporativ sənaye məlumat bazasının yaradılması üzrə tender elan etməyi planlaşdırır. Bu barədə çərşənbə axşamı ARDNŞ-dəki mənbədən bildirilib.
"Hazırda Azərbaycanın xüsusi sənaye məlumat bazasının yaradılması üzrə tender öncəsi hazırlıq işləri həyata keçirilir", - mənbədən bildirilib.
Mənbənin bildirdiyi kimi, yeni tenderin bir-iki ay ərzində elan olunması planlaşdırılır. Xüsusi məlumat bazasının yaradılmasında əsas məqsəd sənaye, geoloji məlumatların və yataqlar haqqında, xüsusilə hasilat, qazma və kəşfiyyat işləri üzrə məlumatların toplanılması və saxlanılmasıdır.
Mənbədən bildirildiyi kimi, bu, sayca ikinci tender olacaq. Şirkət tərəfindən əvvəlcə elan olunmuş ilk tenderin nəticələri qənaətbəxş hesab edilməyib. Tender iyun ayında başa çatıb və tenderdə beş şirkət iştirak edib. Tenderdə iştirak bütün şirkətlər xarici şirkət (Şlyumbirje, Xalli Berton) olub. Bu tenderdə yerli şirkətlər iştirak etməyib, "şirkətlərimizin bu sahədə kifayət qədər təcrübəsi yoxdur", - mənbə bildirib.
Korporativ məlumat bazasının yaradılması üzrə işlər ilə bilavasitə ARDNŞ-in İnformasiya Texnologiyaları və Rabitə İdarəsi məşğul olur.
Azərbaycanda 57 neft-qaz yatağı var ki, onlardan 18-i dənizdə, digərləri isə quruda yerləşir. ARDNŞ-in hazırda əməkdaşlarının sayı 62 min nəfər təşkil edir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]