Azərbaycan, Bakı, 11 avqust / Trend capital, müxbir E.İsmayılov /
Hazırda "Azəriqaz" İstehsalat Birliyi nəzdində "Bakqaz" Qaz İdarəsi (Bakıya qazın paylanması və satışı üzrə idarə) tərəfindən Bakı şəhərinin qaz sisteminə qaz verilməsi üzrə orta sutkalıq həcm 3,5 milyon kubmetr təşkil edir. Bu göstərici ayın əvvəlində 3,4 milyon kubmetr təşkil edib, çərşənbə axşamı idarədəki mənbədən bildirilib.
"Hava şəraitinin dəyişməsi ilə əlaqədar olaraq Bakıda qaz istehlakı artıb və hazırda sutkada 3,5 milyon kubmetr təşkil edir", - mənbə bildirib.
Mənbənin öncə bildirdiyi kimi, yanvar-iyul aylarında paytaxtın qaz sisteminə 1,6 milyard kubmetrdən çox məişət qazı verilib.
İyulda paytaxtın qaz sisteminə 109 milyon kubmetr qaz verilib. İyunda bu göstərici 114 milyon kubmetr təşkil edib. May ayında isə qaz sisteminə 141 milyon kubmetr qaz ötürülüb.
İB tərəfindən ötən il Bakının qaz sisteminə qaz verilişinin həcmi 2,45 milyard kubmetr təşkil edib.
2008-ci ildə İB şəhərin qaz sisteminə qaz verilişi üzrə mövsümi rejimdən (yay və qış mövsümü) tamamilə imtina edib. Bundan sonra ötürülən qazın həcmi istehlakçıların tələbati ilə müəyyən edilir. Əvvəllər yay mövsümündə qazın sutkalıq verilişi 3-4 milyon kubmetr, qışda 10-13 milyon kubmetr təşkil edib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]