Azərbaycan, Bakı, 19 avqust / Trend , müxbir E.İsmayılov /
Hazırda "Azəriqaz" İstehsalat Birliyi yanında "Bakqaz" (Bakıda qazın paylanması və satışı) idarəsi tərəfindən Bakı şəhərinin qaz sisteminə sutkalıq qaz verilişi 3,4 milyon kubmetr təşkil edir. Avqustun 11-də bu göstərici 3,5 milyon kubmetr təşkil edib. Bu barədə çərşənbə günü idarədəki mənbədən bildirilib. Bir müddət əvvəl "Azəriqaz" QSC İB qismində ARDNŞ-nin tərkibinə daxil edilib.
Ötən həftə hava şəraitinin pisləşməsi ilə əlaqədar olaraq paytaxtda qaz istehlakının artması müşahidə olunub.
"Hava şəraiti artıq normallaşıb və hazırda şəhərin orta sutkalıq tələbatı 3,4 milyon kubmetr təşkil edir. Bir neçə gün öncə tələbat həmçinin sutkada 3,2 milyon kubmetrə kimi azalıb", - mənbədən deyilib.
Mənbənin əvvəlcədən bildirdiyi kimi, yanvar-iyul aylarında paytaxtın qaz sisteminə 1,6 milyard kubmetr məişət qazı verilib.
İyulda paytaxtın qaz sisteminə 109 milyon kubmetr qaz verilib, iyun ayında isə bu göstərici 114 milyon kubmetr təşkil edib. May ayında qaz sisteminə 141 milyon kubmetr qaz verilib.
Ötən il İB Bakının qaz sisteminə 2,45 milyard kubmetr qaz verib.
2008-ci ildə "Bakqaz" şəhərin qaz sisteminə qaz verilişinin mövsümi rejimindən (yay və qış mövsümü) tamamilə imtina edib. Bundan sonra verilən qazın həcmi istehlakçıların tələbatı ilə müəyyən edilir. Əvvəl yay mövsümündə qazın sutkalıq verilişi 3-4 milyon kubmetr, qışda isə bu rəqəm 10-13 milyon kubmetr təşkil edirdi.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]