Azərbaycan, Bakı, 05 sentyabr / Trend /
2009-cu ilin mart-iyul ayları ərzində İranın cənub neft yataqlarından 482 milyon 900 min barel neft çıxarılıb. Bu barədə SHANA informasiya agentliyi məlumat yayıb.
"Cari ilin mart-iyul ayları ərzində (İranda il martda başlayır) Əhvaz, Marun, Ağacəri, Gəçsaran, Farsi, Kərənc, Bəznan, Mənsuri, Rəq Sefid, Bibi Hakim və cənub regionunun digər neft və qaz yataqlarından 11 milyard 58 milyon 500 min kubmetr səmt qazı, 553 milyon 200 min kubmetr karbon qazı və 3 milyard 946 milyon 110 min kubmetr səth qazı çıxarılıb", - İranın cənub bölgəsinin milli neft şirkətinin istehsal şöbəsinin direktoru Əli Ağacəriyan bildirib.
Onun sözlərinə görə, neft və qaz istehsalında bütün texniki qaydalara və mühəndislik proqramına əməl olunub. "Neft və qaz yataqlarından istifadə üçün yeni texnologiyalardan istifadə olunur, ekoloji və digər ziyanların qarşısını almaq üçün bütün lazımi tədbirlər görülür", - Ağacəriyan deyib.