Azərbaycan, Bakı, 15 sentyabr / Trend , müxbir E.İsmayılov /
Qaz doldurma mövsümünün sonunda Azərbaycanın yeraltı qaz anbarlarındakı qaz həcmi 1,8 milyard kubmetrdən çoxdur. Ötən mövsüm bu göstərici 1,4 milyard kubmetr qaz təşkil edib. Bu barədə çərşənbə axşamı "Azəriqaz" İB-nin başçısı Əkbər Hacıyev bildirib. Bu ildə doldurulan qaz 2009-2010-cu illərin payız-qış dövründə istifadə olunacaq.
Hacıyevin qeyd etdiyi kimi, yeraltı qaz anbarına qaz doldurma mövsümü sentyabrın sonuna kimi başa çatacaq.
"Ayın sonuna kimi qaz doldurma mövsümü başa çatacaq. Qaz anbarına doldurulan yanacağın həcmi 1,8 milyard kubmetrdən çoxdur. Gələcəkdə qaz həcmlərinin artırılması planlaşdırılır", - Hacıyev bildirib.
Hazırda ARDNŞ paralel olaraq Azərbaycanın hər iki qaz anbarında - Qaradağ (aktiv həcmi 500 milyon kubmetr) və Kalmaz (aktiv gücü 1,1-1,2 milyard kubmetr) qaz anbarında işlər həyata keçirir. Burada quyuların təmiri işləri həyata keçirilir, həmçinin yeni infrastrukturun inşası və yeni qaz kəmərlərinin çəkilməsi məsələsi qalmaqdadır.
ARDNŞ-in prezidenti Rövnəq Abdullayevin qeyd etdiyi kimi, yaxın günlərdə Azərbaycanın yeraltı qaz anbarlarına təxminən üç milyard kubmetr qaz doldurulacaq, üçüncü mərhələdə isə bu göstəricini beş milyard kubmetrə kimi çatdırmaq mümkün olacaq. Bu, Azərbaycanın daxili bazarının qaz ilə təchizatının artırılmasına və ölkənin ixrac imkanlarının əhəmiyyətli dərəcədə artırılmasına imkan verəcək.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]