PremiumYanvar-avqustda "Bakı-Tbilisi-Ceyhan" boru kəməri ilə Türkiyə ərazisindən 190 milyon bareldən çox neft nəql edilib

Energetika Materials 26 Sentyabr 2009 12:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 sentyabr / Trend , müxbir E.İsmayılov /

Yanvar-avqust aylarında Türkiyə ərazisindən "Bakı-Tbilisi-Ceyhan" (BTC) boru kəməri ilə 190,4 milyon barel neft nəql edilib. Yanvar-iyul aylarında bu göstərici 165,1 milyon barel olub. Bu barədə Türkiyənin "Botaş" dövlət boru kəmər şirkətinin rəsmi saytına yerləşdirilən məlumatda deyilir.

Avqustda BTC kəməri ilə Türkiyə ərazisindən 25,3 milyon barel neft nəql edilib. İyul ayında bu göstərici 25,6 milyon barel olub.

Ümumilikdə, 2008-ci ildə BTC neft kəməri ilə Türkiyə ərazisindən 264 milyon barel neft nəql edilib.

BTC neft kəmərindən əsasən Azəri Light markalı yüngül neft, həmçinin "Tengiz" yatağından azhəcmli Qazaxıstan nefti nəql edilir. Yanvar-avqust aylarında BTC neft kəməri ilə 1,2 milyon barel Tengiz nefti nəql edilib.

BTC boru kəmərinin ümumi uzunluğu 1768 kilometrdir. Bunun 443 kilometri Azərbaycan, 249 km-i Gürcüstan, 1076 km-i Türkiyə ərazisindən keçir. Boru kəmərinin tikintisi 2003-cü ildə, onun neftlə doldurulması isə 2005-ci il mayın 18-də başlayıb.

BTC Co-nun səhmdarları aşağıdakılardır: BP (30,1 faiz); AzBTC (25 faiz); Chevron (8,90 faiz); Statoil (8,71 faiz); ТРАО (6,53 faiz); Eni (5 faiz); Total (5 faiz); Itochu (3,40 faiz); Inpex (2,50 faiz); ConocoPhillips (2,50 faiz) və Amerada Hess (2,36 faiz).

Avqustda "İraq-Türkiyə" boru kəməri ilə Türkiyə ərazisindən 15,83 milyon, iyulda isə 15,84 milyon barel neft nəql edilib. Ümumilikdə, yanvar-avqust aylarında bu kəmərlə 116,3 milyon bareldən çox neft nəql edilib.

"Ceyhan-Kırıkkale" boru kəməri ilə avqust ayında Türkiyə ərazisindən 1,6 milyon barelə yaxın neft, iyul ayında isə 2,1 milyon barel neft nəql edilib. Ümumilikdə isə yanvar-avqust aylarında "Ceyhan-Kırıkkale" neft kəməri ilə 13,2 milyon bareldən çox neft nəql edilib.

Avqustda "Batman-Dördyol" boru kəməri ilə 964 min barel neft nəql edilib. İyulda bu göstərici 724 min barel olub. Yanvar-avqust aylarında bu boru kəməri ilə 8,5 milyon bareldən çox neft nəql edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti