...

Azərbaycan Rusiyaya qaz tədarükü üçün tam hazır olduğunu elan edib

Energetika Materials 16 Dekabr 2009 17:58 (UTC +04:00)
"Bakı-Mozdok" qaz kəmərinin Azərbaycan hissəsi Rusiyaya Azərbaycan qazının tədarük edilməsi üçün tam hazır vəziyyətdədir.
Azərbaycan Rusiyaya qaz tədarükü üçün tam hazır olduğunu elan edib

Azərbaycan, Bakı, 16 dekabr / Trend /

"Bakı-Mozdok" qaz kəmərinin Azərbaycan hissəsi Rusiyaya Azərbaycan qazının tədarük edilməsi üçün tam hazır vəziyyətdədir. Bu barədə ARDNŞ-dən çərşənbə günü yayılan məlumatda deyilir. ARDNŞ və "Qazprom" şirkəti arasında imzalanmış sazişə əsasən, Azərbaycan qazının Rusiyaya nəqli 2010-cu ilin yanvarından başlanacaq.

Hazırlıq işləri çərçivəsində "Bakı-Mozdok" magistral qaz kəmərinin Azərbaycan ərazisindən keçən 3 məntəqəsində təmir-bərpa işləri aparılıb. Belə ki, Hacıqabul rayonu ərazisində 1000 millimetrlik borunun korroziyaya uğramış hissəsi dəyişdirilib. Həmçinin, kəmərin Vəlvələçay ərazisindən keçən hissəsində problem aradan qaldırılıb. Burada 500 millimetrlik borular tam olaraq 1200 mm-lik borularla əvəz edilib və bununla da həmin məntəqədə kəmərin ötürmə gücü iki dəfə artırılıb. "Bakı-Mozdok" magistral qaz kəmərinin ölçü qovşaqlarının cəmləşdiyi Rusiya ilə sərhəddəki Şirvanovka stansiyasında yerləşən hissəsi yenilənib, habelə bu hissənin istiqaməti dəyişdirilib. Təmir-bərpa işləri nəzərdə tutulduğu kimi dekabrın 15-də başa çatdırılıb. Kəmərin yeniləşdirilmiş məntəqələrində aparılan sınaq işləri müsbət nəticələnib.

Azərbaycan qazının Rusiyaya alqı-satqısına dair ortamüddətli müqavilə 14 oktyabr tarixində Bakıda imzalanıb. Müqavilə 2010-2014-cü illəri əhatə edir. Müqaviləyə əsasən, Azərbaycan tərəfi hər il Rusiyaya 500 milyon kubmetrdən az olmayaraq qaz tədarük edəcək. Müqavilədə qaz tədarükünün həcmi göstərilməyib. ARDNŞ bir il əvvəlcədən qarşı tərəfi tədarük edə biləcəyi həcm barədə məlumatlandıracaq.

Xəbər lenti

Xəbər lenti