Azərbaycan, Bakı, 15 aprel /Trend/
Yanvar-mart aylarında Azərbaycanda 12,3 milyon ton neft və kondensat istehsal olunub ki, bu da 2009-cu ilin analoji dövründə istehsal edilən neft və kondensatın həcmindən 6,4 faiz çoxdur. Bu barədə Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatında deyilir.
Ötən ay hasil edilən neftin əsas həcmi Azərbaycan Beynəlxaq Əməliyyat Şirkətinin payına düşüb. Həmin dövr ərzində şirkət "Azəri-Çıraq-Günəşli" dəniz yatağından və "Şahdəniz" qaz-kondensat yatağından 10,2 milyon ton neft və kondensat hasil edib ki, bu da ötən ilin analoji dövründəki göstəricidən 7,8 faiz çoxdur.
Yanvar-martda Azərbaycanda qaz hasilatı 6,5 milyard kubmetr təşkil edib ki, bu da ötənilki göstəricidən 9,6 faiz çoxdur." Azəri-Çıraq-Günəşli" (səmt qazı) və "Şahdəniz" yataqlarının payına 2,8 milyard kubmetr qaz düşüb ki, bu da 2009-cu ilin yanvar-martındakı göstəricidən 8,2 faiz azdır.
Yanvar-martda Azərbaycanda təxminən 5,34 milyard kilovat-saat elektrik enerjisi istehsal olunub ki, bu da ötən ilin analoji dövrü ilə müqaisədə 8,8 faiz azdır.