Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir E.İsmayılov/
Yanvar-mart aylarında "Bakıelektrikşəbəkə" SC (Bakıda elektrik enerjisinin satışı və paylanması ilə məşğul olur) "Azərenerji" SC-dən (Azərbaycan regionlarında elektrik enerjisinin istehsalı və paylanması) 2,4 milyard kilovat-saata yaxın elektrik enerjisi alıb. Bu barədə "Bakıelektrikşəbəkə"nin rəsmi saytında yerləşdirilmiş məlumatda bildirilir.
2009-cu ildə "Bakıelektrikşəbəkə" "Azərenerji"dən 8,1 milyard kilovat-saata yaxın elektrik enerjisi almışdı.
Məlumatda deyilir ki, martda SC 786,4 milyon kilovat-saat elektrik enerjisi alıb. Fevralda bu göstərici 761,5 milyon kilovat-saat təşkil edib.
"Azərenerji" SC (Azərbaycanda iri elektrik enerjisi istehsalçsı) tərəfindən göndərilən elektrik enerjisinə görə "Bakıelektrikşəbəkə"nin ödənişlərinin həcmi birinci rübdə orta hesabla 77,36 faizdən çox olub. Martda bu göstərici 81,4 faiz, fevralda isə 80,4 faiz təşkil edib.
2009-cu ildə "Bakıelektrikşəbəkə"nin ödənişləri orta hesabla 84,44 faiz təşkil edib.