...

Azərbaycan Parlamenti PSA tipli neft-qaz müqaviləsini ratifikasiya edib

Energetika Materials 27 Aprel 2010 17:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 aprel /Trend, müxbir A.Hüseynbala/

Azərbaycan Parlamenti çərşənbə axşamı 101 səs lehinə, iki səs əleyhinə olmaqla (bir nəfər bitərəf qalıb) 2009-cu ilin dekabrında ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) və Bahar Energy Limited arasında imzalanmış Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Bahar" və "Qum Qəniz" dəniz yataqlarının daxil olduğu blokun kəşfiyyatına, reabilitasiyasına, işlənməsinə və hasilatına dair PSA tipli müqaviləni ratifikasiya edib.

Müqavilə iki hissədən ibarətdir: birinci hissə yataqlar blokunda reabilitasiyanı və hasilatın stabilləşməsini, ikincisi, "Bahar-2" perspektiv strukturunda kəşfiyyatı nəzərdə tutur. Birinci mərhələdə 50 yeni quyunun qazılması planlaşdıırlır . Gələcəkdə 100 quyuda təmir-bərpa işlərinin aparılması nəzərdə tutulur.

Müqavilə 25 il müddətinə bağlanıb və daha beş il müddətinə uzadılması mümkündür. İlkin mərhələdə ARDNŞ-nin mənfəət karbohidrogenlərinin payı 40 faiz təşkil edəcək, gələcəkdə isə 90 faizədək artırılacaq. Bu müqaviləyə qoyulacaq investisiyaların həcmi ilkin hesablamalara görə, bir milyard dollar təşkil edəcək.

Bu yataqlar blokundan hasilat 70 faiz yeni platformada həyata keçiriləcək. Mövcud infrastrukturdan maksimum istifadə planlaşdırılır.

Müqavilənin ikinci hissəsində "Bahar-2" strukturunda kəşfiyyat işlərinin aparılması nəzərdə tutulur. Üç il müddətində bir kəşfiyyat quyusunun qazılması planlaşdırılır. Əgər ehtiyac yaranarsa, dördüncü il daha bir quyu qazıla bilər.

Bahar Energy Limited şirkəti BƏƏ-də "Jebel Ali" azad iqtisadi zonasının ərazisində qeydiyyatdan keçib.

1955-ci ildən istismarda olan "Qum Dəniz" yatağı Bakıdan cənub-şərqə doğru 21 kilometrlik məsafədə yerləşir. İndiyədək yataqdan 28,9 milyon tona yaxın neft və 27 milyard kubmetr qaz hasil edilib.

1969-cu ildən işlənən "Bahar" yatağı Bakının cənub-şərqindən 40 kilometr məsafədə yerləşir. İndiyədək yataqdan 16,8 milyon tondan çox neft və 128,7 milyard kubmetrə yaxın qaz hasil edilib.

ARDNŞ-nin iştirak payı 20 faiz təşkil edir, 80 faiz Bahar Energy Limited-ə məxsusdur.

Xəbər lenti

Xəbər lenti