Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir E.İsmayılov/
Yanvar-mart aylarında Azərbaycanın dəmiryol nəqliyyatı vasitəsilə təqribən 2,85 milyon ton neft yükləri nəql edilib ki, bu da ötən ilin analoji dövr göstəricisindən 30,5 faiz çoxdur. Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-dəki mənbə cümə günü bildirib.
"Yanvar-mart aylarında neft və neft məhsulları daşımalarında 30,6 faiz artım müşahidə olunub, Ümumilikdə birinci rüb ərzində isə 2 milyon 848 min ton neft yükləri nəql edilib", - mənbə deyib.
Mənbənin əvvəlcə bildirdiyinə görə, ötən il dəmiryol vasitəsilə təxminən 10 milyon ton neft yükləri daşınıb ki, bu da 2008-ci ilin analoji dövr göstəricisindən 26 faiz azdır.
Ümumilikdə, yanvar-mart aylarında Azərbaycanın dəmiryol nəqliyyatı ilə yükdaşımalarının həcmi 5,08 milyon ton yük təşkil edib ki, bu da ötən ilin analoji dövr göstəricisindən 6,9 faiz çoxdur.
2009-cu ildə QSC-nin yükdaşımalarının həcmi 20,66 milyon ton təşkil edib ki, bu da 2008-ci ildə 27,4 milyon ton olub.