Azərbaycan, Bakı, 2 iyul /Trend/
ARDNŞ MDB ölkələrində "Böyük şirkətlərdə SAP proqram təminatının tətbiq edilməsi" kateqoriyası üzrə SAP CIS Quality Award 2010 (Gold Winner) Qızıl Mükafatına layiq görülüb. Bu barədə şirkətin cümə günü yaydığı məlumatda deyilir.
İyulun 2-də ARDNŞ-nin baş ofisində SAP CIS Quality Award 2010 mükafatının təntənəli təqdimat mərasimi keçirilib. SAP şirkətinin Mərkəzi və Şərqi Avropa ölkələrində biznesin inkişafı üzrə meneceri Valdemar Şnayder mükafatın verilməsi haqqında vəsiqəni və rəsmi sertifikatı ARDNŞ-nin iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımova təqdim edib.
Mərasim çərçivəsində qeyd edilib ki, ARDNŞ vacib sahələrin avtomatlaşdırılması hesabına effektivliyin artırılmasına böyük diqqət yetirir. Şirkətdə bu istiqamətlər üzrə uzunmüddətli strateji transformasiya proqramı reallaşdırılır. Proqramda Maliyyə Hesabatları Beynəlxalq Standartlarına (MHBS) keçid və beynəlxalq təcrübəyə əsaslanaraq şirkətin idarəetmə sisteminin modernləşdirilməsi məsələləri xüsusi yer tutur. Proqramın başlıca məqsədi Şirkəti bu sahənin lider qurumları sırasına çıxarmaq, məhsulların və biznes proseslərinin beynəlxalq standartlara uyğunlaşdırılmasıdır. Aydın məsələdir ki, istənilən anda düzgün əsaslandırılmış qərarlar qəbul etmək üçün Şirkətin tərkibində fəaliyyət göstərən müəssisələrin mövcud vəziyyətinə dair dəqiq, ətraflı, aktual və təfərrüatı ilə hazırlanmış informasiyaların mövcudluğu vacib şərtlərdəndir.
Hazırda 120 ölkənin 97 min şirkəti öz fəaliyyətində SAP proqramlarından istifadə edir. SAP proqam təminatı əsasında ARDNŞ-də uzunmüddətli (2012-ci ilə qədər) avtomatlaşdırılmış proqram işlənib hazırlanıb.
Artıq maliyyə-uçot əməliyyatlarının MHBS-yə uyğun qurulması, təchizatın və satışın avtomatlaşdırılması, risklərin və pul vəsaitlərinin idarə olunması, kadr uçotu, əməkhaqqının hesablanması və s. məsələlər üzrə müvafiq layihələr reallaşdırılıb və SAP mükafatlarına layiq görülüb.
ARDNŞ-yə mükafatın verilməsi iyunun 23-də Moskvada keçirilmiş SAP forumunda açıqlanıb. Forumda 1500-dən çox qonaq iştirak edib.