Azərbaycan, Bakı, 9 iyul /Trend/
Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) "Chirag oil project" layihəsi çərçivəsində Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" dəniz yataqlar blokunda neft hasilatının artırılmasını nəzərdə tutan altı müqavilə üzrə qərarını açıqlayıb. Bu barədə yataqlar blokunun işlənməsinin operatoru olan BP-nin cümə günü yayılan məlumatında deyilir.
Məlumatda deyildiyinə görə, müqavilələrin ümumi dəyəri 814 milyon dollar təşkil edir.
"Chirag oil project" aşağıdakı obyektlərdən ibarət olacaq:
1. Bir sualtı dayaq tavası, bir stasionar polad dayaq bloku, üst modulları və əlaqədar avadanlıqdan ibarət texnoloji emal, qazma və yaşayış platforması;
2. Sualtı neft və qaz boru kəmərləri və əlaqədar avadanlıq.
"Chirag oil project" çərçivəsində aşağıdakı müqavilələr elan olunub:
1. BOS Shelf şirkəti (Saipem qrupu və ARDNŞ-nin Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu arasında yaradılmış birgə müəssisə) ilə bu işlər üçün: platformanın dayaq blokunun, sualtı dayaq tavasının və bununla bağlı olan bərkitmə payaları, həmçinin dərinsulu "Günəşli"dəki mövcud texnoloji emal, qaz kompressoru, suvarma və texnoloji təchizat platformasının üstündəki boş saxlanmış yerdə şaquli borunun dayaq çərçivəsinin quraşdırılması. Bu müqavilənin ümumi dəyəri təxminən 215 milyon dollardır. İşlər Bakıda Dərin Özüllər Zavodunun tikinti-quraşdırma sahəsində aparılacaq.
2. AMEK/Tekfen/Azfen (ATA) konsorsiumu ilə platformanın birləşmiş göyərtəsinin (üst modulların), o cümlədən qazma obyektlərinin quraşdırılması, yığılması, nizamlanması və istismar sınaqları üçün. Bu müqavilənin ümumi dəyəri təxminən 340 milyon dollardır. İşlər Bakıda Azfen tikinti-quraşdırma obyektində icra olunacaq.
3. Saipem Asia Sdn Bhd (Malayziya) şirkəti ilə dayaq tavasının daşınması və dənizdə quraşdırılması üçün. Bu müqavilənin ümumi dəyəri təxminən 57 milyon dollardır. Müqavilə üzrə işləri həyata keçirmək üçün ARDNŞ-nin ağır yükqaldırma gəmisi olan "Azərbaycan" kran barjından istifadə olunacaq.
4. Applay Leirvik Emtunga (Norveç-İsveç) şirkəti ilə platformanın yaşayış blokunun mühəndis-layihə, tədarük və tikinti işləri üçün. Bu müqavilənin dəyəri təxminən 22 milyon dollardır. Mühəndis-layihə işləri bu il başlanacaq. Bu işlər bitdikdən sonra blokun İsveçdən Azərbaycana göndərilməsi 2011-ci ilin üçüncü rübünə planlaşdırılır. Yaşayış blokunun yığılması və quraşdırılması Bakıda Azfen tikinti-quraşdırma obyektində icra olunacaq.
5. Kellogg Braun&Rut (ABŞ/Böyük Britaniya) şirkəti ilə dəniz obyektlərinin mühəndis-layihə işləri üçün. Bu müqavilənin dəyəri təxminən 150 milyon dollardır. Mühəndis-layihə işləri yekunlaşdıqdan sonra işlər Bakıda tikinti sahəsində podratçı ilə birgə yerinə yetiriləcək.
6. KCA Deutag (ABŞ/Böyük Britaniya) şirkəti ilə platformanın qazma modullarının mühəndis-layihə işləri üçün. Bu müqavilənin dəyəri təxminən 30 milyon dollardır. Mühəndis-layihə işləri yekunlaşdıqdan sonra işlər Bakıda tikinti sahəsində podratçı ilə birgə yerinə yetiriləcək.
Bu yeni imzalanmış müqavilələr çərçivəsində ABƏŞ Azərbaycanın yerli ehtiyatlarından optimal istifadə öhdəliyinə sadiq qalıb. "Chirag oil project" layihəsinin tikinti işlərinə 9 milyon insan - iş saatı sərf olunacaq ki, bu işlərin də 90%-i Azərbaycanda yerinə yetiriləcək və bunun da 80%-i Azərbaycanın yerli işçi qüvvəsi tərəfindən həyata keçiriləcək, nəticədə gəlirin çox hissəsi ölkədə qalacaq.