Azərbaycan, Bakı, 13 avqust /Trend/
Avqustun 18-də "Azərikimya" İstehsalat Birliyinin Etilen-polietilen zavodunun ərazisində Fövqəladə Hallar Nazirliyi qüvvələrinin mülki müdafiə üzrə təlimi keçiriləcək. Təlimin keçirilməsində əsas məqsəd fövqəladə hadisələr zamanı birgə və səmərəli fəaliyyəti təşkil etməkdir.
Zavodun hərbiləşdirilməmiş mülki müdafiə heyətinin və Fövqəladə Hallar Nazirliyinin mühafizə xidmətinin 200 nəfərlik qüvvəsinin iştirak edəcəyi təlimə 10-dan artıq yanğınsöndürən maşın və texnika cəlb olunacaq. Artıq "Azərikimya" İB-də təlimlə bağlı hazırlıq işlərinə başlanılıb.
Təlim üçün stasionar yanğınsöndürmə, rabitə-xəbərdarlıq qurğularının hazırlanması, su təchizatı, mülki müdafiə dəstələrinin xüsusi geyim, dəbilqə və s. ləvazimatlarla təminatı məsələləri həll olunur, iştirakçılara metodiki tövsiyələr verilir.
Təlimdə Fövqəladə Hallar Nazirliyinin xüsusi komissiyası, Sumqayıt Şəhər Mülki Müdafiə Qərargahının, Respublika "Qızıl Aypara" Cəmiyyəti Sumqayıt şəhər şöbəsinin nümayəndələri iştirak edəcəklər. Sumqayıt şəhər təcili tibbi yardım stansiyasının həkimlər briqadası təlim keçirilən müddət ərzində zavod ərazisində növbə çəkəcək.