...

ARDNŞ Xəzərdə üçölçülü geofiziki tədqiqatlar aparır

Energetika Materials 24 Avqust 2010 17:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 avqust /Trend, müxbir E.İsmayılov/

Avqustun əvvəllərində ARDNŞ Xəzərin Azərbaycan hissəsində "Bahar-2" perspektiv qaz-kondensat strukturunda üçölçülü seysmik tədqiqatları (3D) bərpa edib. Bu barədə çərşənbə axşamı ARDNŞ-dəki mənbə bildirib.

"Strukturda işlər aparılır və artıq nəzərdə tutulmuş işlərin yarısı yerinə yetirilib", - mənbə deyib. Strukturun tədqiq olunması üzrə işlərin ilin sonunadək başa çatdırılması planlaşdırılıb.

ARDNŞ "Bahar-2" strukturunda 3D tədqiqat işlərinin bir hissəsini ötən il həyata keçirib. Sonralar mövsümi iqlim dəyişiklikləri ilə əlaqədar işlər dayandırılıb. Strukturda üçölçülü tədqiqatların aparılması onun geoloji quruluşunun müəyyən edilməsi üçün zəruridir.

ARDNŞ "Bahar Energy Limited" şirkəti ilə "Bahar" və "Qum dəniz" yataqlarının daxil olduğu blokun kəşfiyyatı, reabilitasiyası, işlənməsi və hasilatına dair PSA tipli müqavilə imzalayıb. Müqavilə Milli Məclisdə ratifikasiya olunub. Müqavilənin ikinci hissəsi "Bahar-2" strukturunda kəşfiyyatı nəzərdə tutur. Kəşfiyyat çərçivəsində üç il müddətində daha bir kəşfiyyat quyusunun qazılması planlaşdırılır. İlkin hesablamalara görə, müqavilə çərçivəsində işlərin həyata keçirilməsi üçün "Bahar Energy Limited" bir milyard dollar həcmində investisiya qoyacaq.

"Bahar" yatağı 1969-cu ildən istismar olunur və Bakıdan 40 kilometr cənub-şərqdə yerləşir. İndiyədək yataqdan 16,8 milyon tondan çox neft və 128,7 milyard kubmetrə yaxın qaz hasil edilib.

Xəbər lenti

Xəbər lenti