...

Yaxın günlərdə ARDNŞ Azərbaycanda bir neçə yanacaqdoldurma məntəqəsi açacaq

Energetika Materials 6 Sentyabr 2010 12:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 sentyabr /Trend, müxbir E. İsmayılov/

Sentyabrın 20-dək ARDNŞ (Azərbaycan Dövlət Neft Şirkəti) şəxsi brendi altında daha üç yanacaqdoldurma məntəqəsini istismara verəcək. Bu barədə bazar ertəsi ARDNŞ-dən verilən məlumatda deyilir.

Mənbədən verilən məlumata görə, bir stansiya şəhərdən aeroport, Bakının qəsəbələri, şəhərətrafı massivlərinə gedən avtomobil yolunda açılacaq; belə ki, bu yol məsafəsində yanacaqdoldurma məntəqələri, demək olar, yoxdur. Həmçinin, yaxın günlərdə Bakı-Salyan şosesinin 70-ci kilometrliyində yanacaqdoldurma məntəqəsinin açılışı planlaşdırılır. Mənbə üçüncü stansiyanın yerləşdiyi məkanı açıqlamayıb.

Şirkət nümayəndəsinin dediyi sözlərə görə, hazırda paytaxtın digər rayonları və ölkənin regionlarında yanacaqdoldurma məntəqələrinin tikintisi üzrə işlər gedir.

Bundan əvvəl ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib ki, bu ilin sonuna qədər yanacaqdoldurma məntəqələrinin sayı 10-a yaxın təşkil edəcək. Ümumilikdə, ARDNŞ Azərbaycanda 26-30 yanacaqdoldurma məntəqəsi açmağı planlaşdırır. Həmçinin, respublikaya çıxış və giriş yollarında stansiyaların tikilməsinə böyük diqqət yetirilir. Azərbaycanda yanacaqdoldurma məntəqələrinin inşasına qoyulan investisiya 20 milyon manat təşkil edir.

ARDNŞ-nin brendi altında ilk üç yanacaqdoldurma məntəqələri mayın 7-də açılıb. Hər üç stansiya Bakı şəhərində - Heydər Əliyev adına Bakı Hava Limanına gedən şose, Zığ şosesi və Bibiheybət qəsəbəsində yerləşir.

Növbəti il Azərbaycanda daha 10 yanacaqdoldurma məntəqəsinin açılması planlaşdırılır.

"SOCAR Petroleum"un səhmdarları ARDNŞ (51 faiz) və Amerikanın "A.P. International" (49 faiz) şirkətidir. "SOCAR Petroleum" 2008-ci il yanvarın 21-də qeydiyyatdan keçib.

Xəbər lenti

Xəbər lenti