Azərbaycan, Bakı, 6 sentyabr /Trend, müxbir E.İsmayılov/
"Bulla-Dəniz" ("Bulla-Dəniz -82" platforması) qaz yatağında yeni kəşfiyyat quyusunun dərinliyi 5 200 metri ötür. Bu barədə bazar ertəsi yatağın öz balansında olduğu ARDNŞ-dəkı mənbə deyib. Quyunun layihə dərinliyi 6 400 metr təşkil edir.
"Bulla-Dəniz"də dərin kəşfiyyat quyusunun qazılması üzrə işlər çərçivəsində 5 200 metrdən çox qət edilib və çox güman, gələn ilin əvvəlinə işlər başa çatacaq", - mənbə bildirib.
Mənbənin sözlərinə görə, quyu ARDNŞ-nin qaz ehtiyatlarını artırması üçün böyük əhəmiyyət daşıyır.
Bundan əvvəl Geofizika və Geologiya İdarəsi tərəfindən quyuda baş verən proseslərin müşahidəsi və nəzarəti məqsədilə "RT-Leuza" uzaqməsafəli müşahidə sistemi qurulub.
"Bulla-Dəniz" yatağı 1975-ci ildən istismar olunur. 34 il ərzində yataqdan 62 milyard kubmetr qaz və 11 milyon ton neft və qaz kondensatı hasil edilib.
"Bulla-Dəniz" yatağından sutkada 450 min kubmetr qaz hasil olunur. ARDNŞ geoloqlarının fikrincə, bu yataqda qaz hasilatını bir neçə dəfə artırmaq olar.