...

AGRİ layihəsinin icrası Rumıniyanın yerləşdiyi regionda da enerji təhlükəsizliyini gücləndirəcək – Prezident Trayan Besesku

Energetika Materials 15 Sentyabr 2010 01:08 (UTC +04:00)

Biz enerji sahəsində Avropa ilə Xəzər regionunu birləşdirəcək strateji xəttin üzərində işləyən ilk ölkələrik. Qurduğumuz bu tərəfdaşlıq siyasi iradəmizi nümayiş etdirir. Eyni zamanda, AGRİ layihəsinin həyata keçirilməsi bir il əvvəl Azərbaycan ilə Rumıniya arasında imzalanan strateji münasibətlər haqqında sazişə yeni çalar gətirəcəkdir. Avropanın mövqeyi baxımından AGRİ layihəsi Nabukko layihəsinə və Panavropa boru kəmərinə əlavə dəstək olan bir təşəbbüsdür. Rumıniya bütün Avropa kəmərlərinə sadiqdir, bunu Rumıniya Prezidenti Trayan Besesku sentyabrın 14-də Bakıda "Azərbaycan-Gürcüstan-Rumıniya İnterconnector" (AGRİ) layihəsinə həsr olunmuş görüşdə çıxışı zamanı bildirib.

"Görüşdə iştirak edən dörd ölkə bu gündən AGRİ layihəsinin təsisçiləri kimi tanınacaqdır. AGRİ layihəsinin maye qazın daşınması sahəsində Qara dənizdə həyata keçirilən ilk layihə oldu. Bu layihənin icrası Rumıniyanın yerləşdiyi regionda da enerji təhlükəsizliyini gücləndirəcəkdir" Besesku deyib, məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Rumıniya Prezidenti ölkəsinin və Avropa İttifaqının "Şərq tərəfdaşlığı"na qoşulan ölkələrlə qarşılıqlı tədbirlərə xüsusi əhəmiyyət verdiyini diqqətə çatdırdı. Bildirdi ki, "Şərq tərəfdaşlığı" proqramı həm Qara dəniz, həm də Xəzər dənizi regionunda enerji təhlükəsizliyini daha da möhkəmləndirəcəkdir.

Bu layihənin icrasının Avropa İttifaqının enerji siyasətinə və bu sahədəki tədbirlər planına da bir töhfə olduğunu deyən Besesku bildirib ki, ilk hesablamalara görə, belə bir ümid yaranır ki, AGRİ layihəsinin həyata keçirilməsi bütün tərəfdaş ölkələrə rifah gətirəcəkdir.

"Siyasi, iqtisadi və texnoloji baxımdan açacağı imkanlarla yanaşı, AGRİ layihəsi sərmayələrin yatırılması və insan resurslarının cəlb olunması baxımından bütün regionun inkişafına töhfə verəcəkdir. AGRİ əsas karbohidrogen hasilatçısı kimi Azərbaycanın rolunu gücləndirəcəkdir" Prezident söyləyib.

Rumıniya Prezidenti qeyd etdi ki, AGRİ layihəsinə gələcəkdə Xəzərin şərq sahilində yerləşən ölkələr də qoşula bilər.

"Təchizat yollarının şaxələndirilməsi və davamlı inkişafın təmin edilməsi bu gün Rumıniyanın iqtisadi siyasətinin əsas tərəfləridir", - deyən Trayan Besesku burada əsas amil kimi enerji bazarının liberallaşdırılması və bərpa olunan enerji mənbələrindən istifadənin nəzərdə tutulduğunu diqqətə çatdırdı.

Rumıniya dövlətinin başçısı dedi ki, indidən nümayiş etdirilən siyasi iradə və verilən dəstək AGRİ layihəsinin sonrakı mərhələlərini də həyata keçirmək imkanını təmin edəcəkdir. Bununla bağlı mərkəzi ofisi Buxarestdə yerləşən birgə enerji şirkəti yaradılacaqdır. Bu şirkət texniki əsaslandırma işlərini aparacaqdır. Rumıniya bu işə Avropa İttifaqının da cəlb olunmasına çalışacaqdır.

Hazırda Rumıniyanın Konstansa limanında ilkin araşdırmaların aparıldığını deyən Trayan Besesku layihənin idarə olunmasında birgə kadr hazırlığının vacibliyindən də danışıb.

"Sizi əmin edirəm ki, Rumıniya bu layihəyə qəti və ardıcıl şəkildə sadiq qalacaqdır. Bildirmək istəyirəm ki, ilk prezidentliyim dövründə mən Sizinlə birgə Avropa İttifaqının rəhbərliyi qarşısında Qara dəniz regionunun üzləşdiyi məsələləri qaldırdım. Bu mövzu ilə bağlı son 5 il ərzində müvafiq təşkilati işlər də aparılmışdır. Müvafiq səylərə baxmayaraq, söylənilən rəylər də fərqli idi. Lakin baş vermiş hadisələr digər həll variantlarını axtaran dairələri də hərəkətə gətirdi. Sərhədlərin toxunulmazlığı və ölkələrin suverenliyi Rumıniya üçün xüsusi əhəmiyyət daşıyan anlayışlardır. Regionda dondurulmuş münaqişələrə gəldikdə, biz beynəlxalq hüquq normalarına riayət olunmasını vacib hesab edirik. Separatçı rejimlərə hər hansı dəstək vermək cəhdi regionda sabitliyin pozulmasına aparan zərərli meyildir" Besesku əlavə edib.

Xəbər lenti

Xəbər lenti