...

"Azərenerji" ASC-də "qaynar xətt" fəaliyyətə başlayıb

Energetika Materials 21 Oktyabr 2010 19:26 (UTC +04:00)
"Azərenerji" ASC-nin "qaynar xətt"i fəaliyyətə başlayıb. Bu barədə SC-nin cümə axşamı yayılan məlumatında deyilir.
"Azərenerji" ASC-də "qaynar xətt" fəaliyyətə başlayıb

Azərbaycan, Bakı, 21 oktyabr /Trend/

"Azərenerji" ASC-nin "qaynar xətt"i fəaliyyətə başlayıb. Bu barədə SC-nin cümə axşamı yayılan məlumatında deyilir.

"Qaynar xətt"in yaradılmasında əsas məqsəd vətəndaşların (istehlakçıların) elektrik şəbəkələrinə gəlmədən operativ məlumatlandırılması, elektrik enerji təchizatı ilə bağlı yaranmış problemlərinin vaxtında həll edilməsi, təklif, ərizə və şikayətlərin qəbulunda operativliyin daha da artırılmasından ibarətdir, - məlumatda qeyd olunub.

Bundan sonra vətəndaşlar (istehlakçılar) elektrik enerjisi təchizatı ilə bağlı yaranmış problem, təklif və suallarla sutka ərzində istənilən vaxt 186 nömrəsinə zəng edə bilərlər. Eyni zamanda, istehlakçılar elektrik enerjisindən istifadə qaydaları və onun tətbiqi (qayda pozuntusuna görə itirilmiş elektrik enerjisinin bərpa edilmiş istehlak dəyərinin hesabatı, hesablaşma elektrik sayğacı sərhəd nöqtəsində quraşdırılmadıqda sayğac quraşdırıldığı yerdən sərhəd nöqtəsinə qədər elektrik enerjisi itkisinin (texnoloji itkinin) hesabatı, istehlakçıya məxsus transformatorun elektrik enerjisi itkilərinin hesabatı və s.), eləcə də istehlakçıları elektrik enerjisi sistemi ilə bağlı maraqlandıran digər sualların da "qaynar xətt" vasitəsilə cavablandırılması nəzərdə tutulur.

Bu xidmətdən əsasən Səhmdar Cəmiyyətin paylayıcı elektrik şəbəkə müəssisələrinin xidməti ərazilərində olan elektrik enerjisi istehlakçıları istifadə edə biləcəklər.

Yeri gəlmişkən, "qaynar xətt" ilə respublikanın istənilən regionundan stasionar, habelə mobil telefonlardan birbaşa, ödənişsiz əsaslarla əlaqə saxlamaq olar.

"Azərenerji" ASC respublikada elektrik enerjisinin istehsalının və ötürülməsinin idarə edilməsini həyata keçirir. Bununla yanaşı, Səhmdar Cəmiyyət hazırda Bakı şəhəri, onun rayonları və Naxçıvan Muxtar Respublikası istisna olmaqla, ölkənin digər ərazilərində elektrik enerjisinin paylanmasını həyata keçirir.

Xəbər lenti

Xəbər lenti