...

Aİ enerji təhlükəsizliyi məsələsini uzunmüddətli perspektivdə nəzərdən keçirir

Energetika Materials 18 Noyabr 2010 15:05 (UTC +04:00)
Azərbaycan qazı Avropanın enerji təhlükəsizliyinin təminində açar ola bilər. Bu barədə cümə axşamı Bakıda "BP Azerbaijan" şirkətinin Xəzərdə Qaz Marketinqi İdarəsinin rəhbəri Brayn Hanter deyib.
Aİ enerji təhlükəsizliyi məsələsini uzunmüddətli perspektivdə nəzərdən keçirir

Azərbaycan, Bakı, 18 noyabr /Trend, müxbir E.İsmayılov/

Azərbaycan qazı Avropanın enerji təhlükəsizliyinin təminində açar ola bilər. Bu barədə cümə axşamı Bakıda "BP Azerbaijan" şirkətinin Xəzərdə Qaz Marketinqi İdarəsinin rəhbəri Brayn Hanter Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi və Transxəzər Siyasi Platforma tərəfindən təşkil edilən "Xəzər enerjisinin Avropa istiqamətləri" mövzusunda "dəyirmi masa"da deyib.

"Mənə elə gəlir ki, Azərbaycan qazı Avropanın enerji təhlükəsizliyinə açar olacaq", - Hanter bildirib.

Onun sözlərinə görə, Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağının işlənməsi layihəsi böyük rol oynayır. Hazırda yatağın işlənməsinin birinci mərhələsinin həyata keçirilməsi üzrə işlər aparılır. İkinci mərhələ çərçivəsində qazın satışı 2017-ci ilə gözlənilir. İkinci mərhələdə əldə olunacaq qazın həcmi 16 milyard kubmetrə yaxındır.

"Şahdəniz" yatağı üzrə müqavilə 1996-cı il iyunun 4-də imzalanıb. Müqavilə iştirakçıları bunlardır: BP (operator) - 25,5 faiz, "Statoil" - 25,5 faiz, NICO - 10 faiz, "Total" - 10 faiz, "LukAgip" - 10 faiz, TPAO - 9 faiz, ARDNŞ - 10 faiz.

Yataqda hasilatın ən yüksək həddinin 8,6-9 milyard kubmetr həcmində olacağı güman edilir. Proqnozlara əsasən, yatağın işlənməsinin ikinci mərhələsi çərçivəsində burada qaz hasilatının ildə 25 milyard kubmetrədək artırılacağı gözlənilir.

Bir müddət əvvəl ARDNŞ-nin yüksək vəzifəli məmurunun dediyi kimi, "Şahdəniz" üzrə tərəfdaşlar bu yatağın işlənməsinin ikinci mərhələsi çərçivəsində müqavilənin imzalanması ilə bağlı avropalı qaz alıcıları ilə danışıqlar aparır. Qaz alışı müqavilələrinin 2011-ci ilin oktyabrında imzalanması planlaşdırılır. Yekun maliyyə qərarının elə həmin vaxt, ilkin maliyyə qərarının isə gələn ilin martında qəbul ediləcəyi gözlənilir.

"Dəyirmi masa" zamanı Rumıniya Xarici İşlər Nazirliyinin enerji təhlükəsizliyi məsələləri üzrə xüsusi nümayəndəsi Mixnea Konstantinesku qeyd edib ki, Avropanın enerji təhlükəsizliyi uzunmüddətli perspektivdə nəzərdən keçirilir və bu məsələdə Xəzər və Qara dəniz regionlarına xüsusi əhəmiyyət verilir. Bu strategiyanın həyata keçirilməsi üçün regionda həm qaz və infrastruktur, həm də siyasi iradə və bazar şəraiti var.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia tədbir zamanı "Cənubi enerji dəhlizi"nin Avropa bazarının Rusiya qazından asılılığının azaldılması prosesində böyük əhəmiyyətini vurğulayıb. Aİ nümayəndəsi xüsusi diqqəti "Nabukko" qaz kəmərinə yetirib.

Kobianın sözlərinə görə, "Nabukko" üçün qaz mənbəyi ilk növbədə Azərbaycan, eləcə də Türkmənistan və İraqdır. Baza qismində "Şahdəniz"in işlənməsinin ikinci mərhələsi çərçivəsində təkcə qaz deyil, həm də perspektivli "Abşeron" strukturundan olan, eləcə də ARDNŞ-nin öz vəsaiti hesabına hasil etdiyi qaz nəzərdən keçirilir.

Dəyəri 7,9 milyard avro olan "Nabukko" qaz kəməri ilə Azərbaycan və Mərkəzi Asiyadan Aİ ölkələrinə qaz ixracı nəzərdə tutulur. Qaz kəmərinin çəkilişi 2011-ci ilə təyin edilib. İlk tədarüklərə 2015-ci ildə start veriləcək.

"Nabukko" qaz kəmərinin tikintisi iki əsas fazanın gedişində həyata keçiriləcək. Tikintinin birinci fazasına (2011-ci il) Türkiyə sərhədindən başlayaraq Avstriyanın Baumqarten şəhərində başa çatan 2 min kilometr uzunluğunda boru kəmərinin çəkilişi daxildir. İkinci fazaya (2014-2015-ci illər) boru kəmərinin Türkiyə və Gürcüstan, eləcə də Türkiyə ilə İraq arasında yerdə qalan hissəsinin tikintisi daxildir.

"Nabukko" qaz kəmərinin uzunluğu 2730 kilometr olan birinci hissəsinin tikintisinə Ankaranın (Türkiyə) cənub hissəsindən başlanacaq və qərb istiqamətində Mərkəzi Anadolu və Mərmərə dənizindən keçərək Bolqarıstan sərhədinədək uzanacaq. Bu marşrutun 75 faizi mövcud boru kəmərləri vasitəsilə çəkiləcək.

Layihə iştirakçıları Avstriyanın OMV, Macarıstanın MOL, Bolqarıstanın "Bulgargaz", Rumıniyanın "Transgaz", Türkiyənin "Botaş" və Almaniyanın RWE şirkətləridir. Onların hər biri bərabər paya - 16,67 faiz paya malikdir.

Xəbər lenti

Xəbər lenti