...

ARDNŞ Gürcüstanın qazlaşdırılması üzrə işləri davam etdirir

Energetika Materials 26 Noyabr 2010 19:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 noyabr /Trend, müxbir E.İsmayılov/

ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Gürcüstanın 31 qaz təsərrüfatının qazlaşdırılmasına dair üçillik proqramı ilk iki ilin nəticələrinə görə, 100 min yeni abonenti əhatə edəcək. Bu barədə cümə günü ARDNŞ-nin Gürcüstandakı törəmə şirkəti "SOCAR Energy Georgia"dakı mənbə deyib.

Proqram çərçivəsində ümumilikdə 150 min potensial abonentin əhatə olunması planlaşdırılır. Yenidənqurma və qazlaşdırma üzrə işlərə başlanana qədər abonentlərin sayı 60 min təşkil edib.

Mənbənin sözlərinə görə, ARDNŞ qazpaylayıcı şəbəkələrin yenidən qurulması və abonentlərin qazlaşdırılması üzrə işləri fəal surətdə davam etdirir. Mənbənin fikrincə, ilin istehsal yekunları keçirildikdən sonra bu göstərici 100 mini ötə bilər. Proqramda nəzərdə tutulan abonentlərin qalan hissəsi üçüncü investisiya ili çərçivəsində əhatə olunacaq.

Proqnozlara əsasən, qazlaşdırmanın üçillik proqramı çərçivəsində investisiyanın həcmi 100 milyon dollara yaxın olacaq.

2008-ci il dekabrın 26-da ARDNŞ və Gürcüstan hökuməti 30 paylayıcı qaz təsərrüfatı və paylayıcı qaz şəbəkəsənin istifadəyə ötürülməsi haqqında müqavilə imzalayıb. Bu şəbəkələr Gürcüstanın Kaxeti, Msxeta-Mtianeti, Şida və Kvemo-Kartli, Acarıstan, Quriya, İmereti, Sameqrelo kimi regionlarını əhatə edir. Bu şəbəkələr 24 şirkət tərəfindən istismar edilib.

Apreldə "SOCAR Energy Georgia" şirkəti həmçinin Gürcüstanın azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunun paylayıcı qaz şəbəkəsini də istifadəyə alıb. Bu, cəmi 31 qaz təsərrüfatı deməkdir.

Bir müddət əvvəl Marneulidə paylayıcı qaz şəbəkəsinin sahibi "Wissol" şirkəti idi. O, ARDNŞ-dən qaz alaraq Marneuli ərazisində satırdı. İndi bu istiqamətdəki işlərin bütün həcmi "SOCAR Energy Georgia" tərəfindən həyata keçiriləcək.

Xəbər lenti

Xəbər lenti