...

OPEK 2011-ci ildə neftə tələbatın artacağını gözləyir

Energetika Materials 16 Dekabr 2010 12:01 (UTC +04:00)
OPEK 2011-ci ildə dünyada neftə tələbatın sutkada 1,2 milyon barel artaraq 87,11 milyon təşkil edəcəyini proqnozlaşdırır.
OPEK 2011-ci ildə neftə tələbatın artacağını gözləyir

Azərbaycan, Bakı, 16 dekabr /Trend, müxbir A.Bədəlova/

OPEK 2011-ci ildə dünyada neftə tələbatın sutkada 1,2 milyon barel artaraq 87,11 milyon təşkil edəcəyini proqnozlaşdırır.

OPEK-in neft bazarı üzrə aylıq məruzəsinə görə, 2011-ci ildə tələbatın sutkada 88,29 milyon barel olmaqla ən yüksək səviyyəsi dördüncü rübdə müşahidə olunacaq.

Gələn il neftə tələbatın ümümi həcmindən sutkada 46 milyon barel İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) payına düşəcək. Təşkilata daxil olmayan ölkələrdə 2011-ci ildə neftə tələbat 2010-cu illə müqayisədə sutkada bir milyon barel artacaq.

OPEK-in proqnozlarına görə, gələn il Çində neftə tələbat sutkada 0,45 milyon barel artaraq 9,26 milyon barel təşkil edəcək.

OPEK 2010-cu ilin yekunları üzrə dünyada neftə tələbatın sutkada 85,93 milyon barel səviyyəsində artacağını proqnozlaşdırır ki, bu da 2009-cu ildəki tələbatdan 1,47 milyon barel çoxdur. İƏİT ölkələrində neftə tələbat bu il sutkada 45,84 milyon barel təşkil edəcək.

Dünya neft tədarükləri

OPEK-in qiymətləndirmələrinə görə, dünyada neft tədarüklərinin həcmi noyabrda sutkada 0,13 milyon barel artaraq 87,16 milyon barel təşkil edib.

Kartelə daxil olmayan ölkələr tərəfindən neft tədarükü noyabrda sutkada 0,18 milyon barel artıb, eyni zamanda OPEK-in neft hasilatı həcmləri sutkada 43 min barel azalıb.

Dünya neft tədarükündə OPEK-in payı ötən ay 34 faiz səviyyəsində olmaqla dəyişməz qalıb.

OPEK-ə daxil olmayan ölkələrin neft tədarükləri

OPEK kartelə daxil olmayan ölkələr tərəfindən neftin satışının sutkada 0,41 milyon barel artaraq 52,62 milyon barel olacağını proqnozlaşdırır.

Kartelin proqnozalrına görə, gələn ilin ikinci və üçüncü rübündə bu ölkələr tərəfindən satış həcmləri müvafiq olaraq sutkada 52,46 və 52,39 milyon barelədək azalacaq, dördüncü rübdə isə yenidən sutkada 52,99 milyon barelədək artacaq. Tədarük artımı əsasən Braziliya, Qana, Kanada, Azərbaycan, Qazaxıstan və Kolumbiyanın hesabına müşahidə olunacaq. Norveçdə, Böyük Britaniyada və Meksikada tədarükün azalması müşahidə ediləcək.

Gələn il İƏİT ölkələri sutkada 19,73 milyon barel, keçmiş Sovet İttifaqı ölkələri 13,43 milyon barel neft satacaqlar.

2010-cu ilin yekunları üzrə OPEK kartelə daxil olmayan ölkələrdən neft satışının sutkada 1,09 milyon barel artaraq 52,21 milyon barel təşkil edəcəyini proqnozlaşdırır. İlin dördüncü rübündə bu ölkələrdə tədarükün həcmi üçüncü rübdəki 51,91milyon barelə qarşı sutkada 52,74 milyon barel təşkil edəcək.

Bu il İƏİT ölkələrindən tədarük həcmləri OPEK-in proqnozlarına görə, sutkada 19,86 milyon barel, keçmiş Sovet İttifaqı ölkələrindən sutkada 13,25 milyon barel təşkil edəcək.

Dünya iqtisadiyyatı

2010-cu ildə OPEK dünya iqtisadiyyatında artımın 4,3 faiz, 2011-ci ildə 3,8 faiz səviyyəsində olacağını proqnozlaşdırır. Kartelin gözləntilərinə görə, ABŞ iqtisadiyyatı bu il 2,8 faiz, gələn il isə 2,4 faiz artacaq. 2010 və 2011-ci illərdə İƏİT ölkələrində iqtisadi artım müvafiq olaraq 2,6 və 2 faiz təşkil edəcək. OPEK Avrozonada artımın bu il 1,5 faiz, gələn il 1,1 faiz səviyyəsində olacağını proqnozlaşdırır.

Xəbər lenti

Xəbər lenti