...

Bakı-Tbilisi-Ceyhan kəməri ilə Türkmənistan neftinin nəqli artıb

Energetika Materials 10 Fevral 2011 15:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 fevral /Trend/

Yanvarda Azərbaycanda hasil olunan neftin böyük hissəsinin ixrac olunduğu Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə 225,14 min ton Türkmənistan nefti nəql olunub. Ötən ilin dekabr ayında bu göstərici 215,64 min ton olub. Bu barədə cümə axşamı ARDNŞ-dən (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) məlumat verib.

Məlumatda deyildiyi kimi, ötən ilin iyulundan cari ilin yanvarınadək BTC ilə 1,5 milyon ton türkmən nefti daşınıb.

Türkmənistan neftinin BTC ilə nəqli ARDNŞ-nin "Dragon Oil" və Türkmənistanda neft hasilatı ilə məşğul olan digər şirkətlərlə müqaviləsi çərçivəsində həyata keçirilir.

"SOCAR Trading" nefti Türkmənistandakı istehsalçılardan alır, onu Xəzər dənizi vasitəsilə Bakıyadək nəql edir. "BTC Co" şirkəti neftin bu həcmini Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəql edir və Aralıq dənizindəki Ceyhan limanında onu "SOCAR Trading"ə təhvil verir.

Bundan əvvəl Bakı-Tbilisi-Ceyhan kəməri ilə "Tengiz" yatağından "Tengizchevroil" şirkətinin Qazaxıstan nefti nəql olunub, lakin nəql şərtlərinin razılaşdırılmaması səbəbindən neftin vurulması cari ildən dayandırılıb.

"BTC Co"nun səhmdarları aşağıdakılardır: BP (30,1 faiz); AzBTC (25 faiz); "Chevron" (8,90 faiz); "Statoil" (8,71 faiz); ТРАО (6,53 faiz); "Eni" (5 faiz ); "Total" (5 faiz); "Itochu" (3,40 faiz ); "Inpex" (2,50 faiz); "ConocoPhillips" (2,50 faiz) və "Amerada Hess" (2,36 faiz).

Boru kəmərinin gücü sutkada 1,2 milyon barel neft təşkil edir.

Xəbər lenti

Xəbər lenti