...

Macarıstan AGRI qaz layihəsinə qoşulub

Energetika Materials 14 Fevral 2011 20:08 (UTC +04:00)
Bazar ertəsi Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan "Azerbaijan-Georgia-Romanian Interconnector" (AGRI) layihəsinin həyata keçirilməsi çərçivəsində protokol imzalayıblar.
Macarıstan AGRI qaz layihəsinə qoşulub

Azərbaycan, Bakı, 14 fevral /Trend, müxbir N.Kirsxaliya/

Bazar ertəsi Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan "Azerbaijan-Georgia-Romanian Interconnector" (AGRI) layihəsinin həyata keçirilməsi çərçivəsində protokol imzalayıblar. Protokola əsasən, Macarıstan onun tamhüquqlu üzvü olub. Bu barədə Trend-ə Gürcüstan Energetika Nazirliyindən bildiriblər.

Bu layihə Azərbaycanın maye qazının Qara dəniz vasitəsilə Rumıniyaya tədarükünü nəzərdə tutur.

Buxarestdə Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev, Gürcüstan və Rumıniyanın energetika nazirləri Aleksandr Xetaquri və İon Ariton, Macarıstanın milli inkişaf naziri Tamaş Felleqi, eləcə də layihə üzrə tərəfdaş şirkətlər - ARDNŞ, GOGC (Gürcüstan), MVM (Macarıstan) və "Romgas" (Rumıniya) bu layihənin həyata keçirilməsi perspektivlərini müzakirə ediblər.

Rumıniya İqtisadiyyat, Ticarət və Biznes Mühiti Nazirliyindən Trend-ə verilən məlumatda qeyd edilir ki, imzalanan sənəddə AGRI layihəsinin texniki iqtisadi əsaslandırmasının hazırlanmasının 2012-ci ilin aprel ayından gec olmayaraq başa çatdırılmasının labüdlüyü göstərilib. Layihədə tərəfdaş şirkətlərin TİƏ-nin hazırlanmasına hazırlıq üçün maliyyələşmənin cəlb edilməsində dəstək göstərməsinin zəruriliyi də vurğulanıb.

Sənəddə qeyd edilir ki, AGRI çərçivəsində işlərin sürətləndirilməsi ilə Azərbaycan qazının Avropa bazarına çatdırılması üzrə daha qısa marşrutun tapılması və Rumıniya-Macarıstan (Arad-Şeged) interkonnektorunun yaradılması nəzərdə tutulur.

Bundan əvvəl AGRI layihəsi çərçivəsində Rumıniyada birgə müəssisə qeydiyyatdan keçib. O, yeni layihənin TİƏ-nin hazırlanması və maliyyələşdirmə mənbələrinin axtarışı ilə məşğul olacaq. İştirakçılar qismində Azərbaycan, Rumıniya və Gürcüstan tərəfləri çıxış edirlər.

AGRI layihəsinin gücü üç variantda nəzərdə tutulur - ildə iki milyard kubmetr qaz, beş milyard kubmetr və səkkiz milyard kubmetr. İlkin məlumatlara görə, layihənin gücündən asılı olaraq, onun dəyəri 1,2 milyardla 4,5 milyard avro arasında dövr edir.

Sentyabrın 14-də Bakıda Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan AGRI layihəsi üzrə Bakı Bəyannaməsini imzalayıblar.

Layihə Azərbaycan qazının Gürcüstanın Qara dəniz sahilində qaz kəməri üzrə nəqlini nəzərdə tutur ki, bu qaz da xüsusi terminalda mayeləşdirilərək, tankerlərlə Rumıniyanın Konstansa limanı terminalında nəql olunacaq. Gələcəkdə maye qaz təbii qaz halına gətirilərək, ölkə ərazisində mövcud olan qaz infrastrukturu vasitəsilə Rumıniya və digər Avropa ölkələrinin qaz tələbatını ödəmək üçün istiqamətlənəcək.

Xəbər lenti

Xəbər lenti