...

Tbilisidə Gürcüstanla Azərbaycan arasında yeni EÖX-in tikintisi məsələləri müzakirə edilib

Energetika Materials 28 Mart 2011 12:13 (UTC +04:00)
Gürcüstanlı və azərbaycanlı energetiklər Tbilisidə 500 kilovoltluq Qardabani-Samux elektrikötürücü xəttin (EÖX) tikintisi məsələlərini müzakirə ediblər.
Tbilisidə Gürcüstanla Azərbaycan arasında yeni EÖX-in tikintisi məsələləri müzakirə edilib

Gürcüstan, Tbilisi, 28 mart /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstanlı və azərbaycanlı energetiklər Tbilisidə 500 kilovoltluq Qardabani-Samux elektrikötürücü xəttin (EÖX) tikintisi məsələlərini müzakirə ediblər. Bu barədə Trend-ə "Gürcüstanın elektrik sistemi" şirkətindən məlumat verilib.

Layihənin detallarını müzakirə etmək üçün "Azərenerji" SC-nin (Azərbaycanda elektrik enerjisinin istehsal edən və paylayan) prezidenti Etibar Pirverdiyev Gürcüstana səfər edib.

Şirkətin məlumatına görə, EÖX-in tikintisi 2012-ci ilin əvvəlində başa çatacaq.

"Yaxın vaxtlarda tərəflər tikinti haqqında müqavilə imzalayacaqlar", - "Gürcüstanın elektrik sistemi"nin məlumatında deyilir.

Yeni EÖX Gürcüstanın Azərbaycan və Türkiyə sərhəddinədək uzanacaq. Ölkənin Energetika Nazirliyindən bildirildiyi kimi, tikintini Çexiyanın "Energo Pro Georgia" şirkəti aparacaq. İlkin hesablamalara görə, layihənin dəyəri 150 milyon dollar təşkil edir.

Hazırda Gürcüstan və Azərbaycanın enerji sistemlərini 330 kilovoltluq EÖX birləşdirir, lakin yeni EÖX-in gücü nisbətən daha çox - 500 kilovolta yaxın olacaq.

Gürcüstanda enerji sahəsinin inkişafına dövlət büdcəsindən təqribən 100 milyon lari (1 dollar = 1,70 lari) vəsait ayrılıb. Yeni EÖX-in tikintisinə Gürcüstanın qonşu ölkələrə elektrik enerjisinin maksimum mümkün həcmdə ixracı arzusu səbəb olub.

Gürcüstanın energetika naziri Aleksandr Xetaqurinin sözlərinə görə, son illər ərzində Türkiyəyə elektrik enerjisinin ixracı təxminən 10 dəfə artıb. 2015-ci ilədək ixrac iki dəfə artmalıdır. Bunun üçün yeni SES tikiləcək.

Xəbər lenti

Xəbər lenti