Azərbaycan, Bakı, 29 mart /Trend, müxbir E.İsmayılov/
Azərbaycan sutkada 28-30 milyon kubmetrə yaxın qaz alır. Bu barədə çərşənbə günü Trend-ə neft-qaz bazarındakı mənbə deyib.
Azərbaycanın əldə etdiyi qazın ümumi həcmindən 11-12 milyon kubmetr Xəzərin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan alınan səmt qazının payına düşür. Blokdan qaz Azərbaycana pulsuz verilir.
Ötən il AÇG-dən Azərbaycana 3,4 milyard kubmetr səmt qazı verilib. Bu göstərici 2009-cu ildə 4 milyard kubmetrə yaxın olub.
"Azəri-Çıraq-Günəşli" yataqlar blokunun səhmdarları bunlardır: BP (operator - 37,43%), "Chevron" (11,27%), AzAÇG (10%), "Inpex" (10,96%), "Statoil" (8,56%), "Exxon" (8%), TPAO (6,75%), "Itochu" (4,3%), "Hess" (2,72%).
Öz növbəsində, Azərbaycanın aldığı qazın ümumi həcmindən 17-18 milyon kubmetr ARDNŞ-nin öz balansında olan yataqlardan hasil etdiyi qazın payına düşür.
Qaz ölkənin paylayıcı qaz sisteminə iki yeraltı qaz anbarından da daxil olur. Hazırda yeraltı qaz anabrlarından alınan qazın sutkalıq orta həcmi 9 milyon kubmetr təşkil edir.
Hazırda Azərbaycan iki yeraltı qaz anbarına - "Qalmaz" və "Qaradağ"a malikdir.
Qaz vurulması mövsümünün başa çatmasının yekunları üzrə Azərbaycanın yeraltı qaz anbarlarında qaz həcmi 3,05 milyard kubmetr təşkil edib. Qaz anbarlarında olan qazın ümumi həcmindən 1,13 milyard kubmetrdən çoxu ötən ildən qalan qalıqdır.
2009-cu ildə ARDNŞ ölkənin yeraltı qaz anbarlarına 2 milyard kubmetrə yaxın qaz vurub. Bu göstərici 2008-ci ildə 1,4 milyard kubmetr olub.