Azərbaycan, Bakı, 4 aprel /Trend/
ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Heydər Əliyev adına Neft Emalı Zavodunda istehsal olunan quru qazın nəqli üçün "Azərikimya" İstehsalat Birliyinin tərkibinə daxil olan Etilen-Polietilen zavoduna qaz xətti çəkib. Bu barədə ARDNŞ-nin bazar ertəsi yaydığı məlumatda deyilir.
Məlumata görə, yeni qaz xəttinin uzunluğu 60 kilometr təşkil edir. Onun germetikliyi sınaqdan keçirilib, korroziya əleyhinə müvafiq işlər görülüb.
Boru kəməri 55 nömrəli qurğuda istehsal olunan qazın nəqli üçün çəkilib. Layihə üzrə Etilen-Polietilen zavoduna ildə 92 min ton quru qazın verilməsi nəzərdə tutulub.
Bu qurğuda istehsal olunan quru qaz və naftanın nəqli haqqında qərar Etilen-Polietilen zavodunun xammalla etibarlı təminatı məqsədilə qəbul edilib.