Azərbaycan, Bakı, 3 iyun /Trend, müxbir E.İsmayılov/
Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz" qaz-kondensat yatağının tammiqyaslı işlənməsi layihəsinin [ikinci mərhələnin] həyata keçirilməsinin dəyəri 20-22 milyard dollar qiymətləndirilir. Trend-in məlumatına görə, bu barədə "BP Azerbaijan" şirkətinin vitse-prezidenti Seymur Xəlilov deyib.
Maliyyələşdirmənin bu həcmi təkcə platforma və qazmaların tikintisi üçün deyil, həm də Səngəçal terminalının genişləndirilməsi, qaz-kompressor stansiyalarının tikintisi, yeni boru kəmərlərinin çəkilişi üçün lazım olacaq.
Xəlilovun sözlərinə görə, lazım olan investisiyaların həcmi layihənin əhəmiyyətli olduğunu nümayiş etdirir. Qeyd etmək lazımdır ki, "Azəri-Çıraq-Günəşli" layihələrinin həyata keçirilməsinə, "Şahdəniz"in işlənməsinin birinci mərhələsinə, Səngəçal terminalının, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum boru kəmərlərinin yaradılmasına ümumilikdə 25 milyard dollar qoyulub.
Yatağın işlənməsinin ikinci mərhələsi çərçivəsində ilk qazın alınması 2017-ci ildə gözlənilir.
Yatağın işlənməsinin birinci mərhələsi çərçivəsində hasilatın ən yüksək həddi 9 milyard kubmetr qaz və 50 min barel kondensat səviyyəsində proqnozlaşdırılır. Proqnozlara görə, yatağın işlənməsinin ikinci mərhələsi çərçivəsində qaz hasilatı həcmini ildə daha 24 milyard kubmetrədək çatdırmaq mümkün olacaq.
"Şahdəniz" yatağının ehtiyatları 1,2 trilyon kubmetr qiymətləndirilir.
"Şahdəniz" yatağı üzrə müqavilə 1996-cı il iyunun 4-də imzalanıb. Müqavilə iştirakçıları bunlardır: BP (operator) - 25,5%, Statoil - 25,5%, NICO - 10%, Total - 10%, LukAgip - 10%, TPAO - 9%, ARDNŞ - 10%.