...

Yaxın vaxtlarda BP Azərbaycanda yeni quyu qazmağa başlayacaq

Energetika Materials 20 İyun 2011 17:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 iyun /Trend, müxbir E.İsmayılov/

"Şahdəniz" yatağının işlənməsinin texniki operatoru kimi çıxış edən Britaniyanın BP şirkəti SDA-03 hasilat quyusunun yan gövdəsinin qazılmasına hazırlığa başlayıb. Bu barədə bazar ertəsi Trend-ə neft-qaz bazarındakı mənbə deyib.

Onun sözlərinə görə, qazma işlərinə başlamaq üçün qazma qurğusunun yerinin dəyişdirilməsi üzrə işlər aparılıb.

"Gövdənin kəsilməsinə 1 ay lazım olacaq. Bundan sonra qazmaya başlanacaq", - mənbə qeyd edib.

Onun fikrincə, yan gövdənin kəsilməsi 3500 metr dərinliyində aparılacaq.

Bundan əvvəl məlumat verildiyi kimi, SDA-03 hasilat quyusunun qazılmasının 2012-ci ilin birinci rübündə başa çatdırılması planlaşdırılır. Əvvəllər SDA-03 quyusu pis texniki vəziyyətinə görə qismən konservləşdirilmişdi.

"Şahdəniz" yatağında ən yüksək hasilat 8,6-9 milyard kubmetr səviyyəsində proqnozlaşdırılır. Proqnozlara əsasən, yatağın işlənməsinin ikinci mərhələsində qaz hasilatının həcmini ildə 25 milyard kubmetrə qədər artırmaq olacaq.

"Şahdəniz" yatağının ehtiyatları 1,2 trilyon kubmetr qaz həcmində qiymətləndirilir.

"Şahdəniz" yatağı üzrə müqavilə 1996-cı il iyunun 4-də imzalanıb. Müqavilə iştirakçıları bunlardır: BP (operator) - 25,5%, Statoil - 25,5%, NICO - 10%, Total - 10%, LukAgip - 10%, TPAO - 9%, ARDNŞ - 10%.

Xəbər lenti

Xəbər lenti