...

Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminində əsas strateji rol oynaya bilər - DEPA

Energetika Materials 15 İyul 2011 13:01 (UTC +04:00)
Azərbaycan Avropaya enerji tədarüklərinin təhlükəsizliyinin təminində və mənbələrin şaxələndirilməsində əsas strateji rol oynaya bilər.
Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminində əsas strateji rol oynaya bilər - DEPA

Azərbaycan, Bakı, 15 iyul /Trend, müxbir A.Bədəlova/

Azərbaycan Avropaya enerji tədarüklərinin təhlükəsizliyinin təminində və mənbələrin şaxələndirilməsində əsas strateji rol oynaya bilər. Trend-in məlumatına görə, bu barədə cümə günü "Xəzər qazı: cari istiqamətlər, gələcək ssenarilər" konfransında Yunanıstanın DEPA qaz şirkətinin rəhbəri Hari Saçinis deyib.

Konfransın təşkilatçıları qismində ARDNŞ və Azərbaycan Diplomatik Akademiyası çıxış edir.

Saçinisin sözlərinə görə, Xəzər qazını Avropaya nəqli üçün nəzərdə tutulan ITGI qaz layihəsi "Cənub qaz dəhlizi"ni açacaq ilk layihə ola bilər.

Bu layihə çərçivəsində artıq Türkiyədən Yunanıstana qaz kəməri mövcuddur.

"Biz indi Bolqarıstandakı tərəfdaşlarımızla Yunanıstandan Bolqarıstana olan qolun inkişafı üzrə fəal şəkildə işləyirik. 2017-ci ilə isə artıq Yunanıstandan İtaliyaya interkonnektorun tikintisini başa çatdıra biləcəyik", - Saçinis qeyd edib.

Onun sözlərinə görə, ITGI layihəsinin həyata keçirilməsinin Azərbaycanın qaz-kondensat yatağı "Şahdəniz"in işlənməsinin ikinci mərhələsinin müddəti ilə əlaqələndirilməsi planlaşdırılır.

"Azərbaycan Avropaya 10 milyard kubmetr qaz tədarük edə bilər, - o bildirib. - Bu həcmin 1 milyardı Yunanıstanda istehlak üçün tədarük ediləcək, qalan hissə isə Bolqarıstan, Rumıniya və digər qonşu ölkələrə tədarük ediləcək".

"Hazırda Azərbaycan qazı yeganə qazdır ki, onunla bağlı danışıqlar aparılır", - Saçinis qeyd edib. Onun sözlərinə görə, gələcəkdə Türkmənistan, İraq, eləcə də Azərbaycanın digər yataqlarından qaz gözlənilir.

"Gələcəkdə əlavə qaz həcmi və bütün lazımi müqavilələr olsa, "Cənub dəhlizi"nin həyata keçirilməsinin ikinci mərhələsində "Nabukko" qaz kəməri və ya digər qaz kəmərləri tikilə bilər", - Saçinis bildirib.

Ererji tədarükünün mənbə və marştutlarını diversifikasiya edəcək və bununla da Aİ-nin enerji təhlükəsizliyini artıracaq "Cənub dəhlizi" layihəsi Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biridir. "Cənub dəhlizi" layihəsinə aiddir: "Nabukko" qaz kəməri, Transadriatik qaz kəməri (TAP), "Ağ axın", ITGI (Türkiyə-Yunanıstan-İtaliya qaz kəməri).

Xəbər lenti

Xəbər lenti