...

Azərbaycan-Türkiyə enerji əməkdaşlığı yeni inkişaf mərhələsinə yüksələcək - deputat

Energetika Materials 10 Sentyabr 2011 14:24 (UTC +04:00)
Azərbaycan və Türkiyə arasında energetika sahəsindəki əməkdaşlıq "Abşeron" yatağında böyük qaz ehtiyatlarının kəşfi ilə yeni inkişaf mərhələsinə yüksələcək.
Azərbaycan-Türkiyə enerji əməkdaşlığı yeni inkişaf mərhələsinə yüksələcək - deputat

Azərbaycan, Bakı, 10 sentyabr /Trend, müxbir A.Tağıyeva/

Azərbaycan və Türkiyə arasında energetika sahəsindəki əməkdaşlıq "Abşeron" yatağında böyük qaz ehtiyatlarının kəşfi ilə yeni inkişaf mərhələsinə yüksələcək. Bu barədə Trend-ə şənbə günü Türkiyə Böyük Millət Məclisinin hakim partiyadan olan deputatı Mustafa Kabakçı deyib.

"Azərbaycan və Türkiyə enerji sahəsində uğurlu əməkdaşlıq edir. Yeni qaz yatağının kəşfi ilə bu əməkdaşlıq daha da möhkəmlənəcək", - Kabakçı telefonla Ankaradan bildirib. O, eyni zamanda, Türkiyə-Azərbaycan dostluq qrupunun sədridir.

Azərbaycan Prezidenti İlham Əliyev cümə günü Xəzərin Azərbaycan hissəsində, "Abşeron" blokunda iri qaz yatağının kəşf olunmasını açıqlayıb.

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Abşeron" perspektiv strukturunun kəşfiyyatı və işlənməsi üzrə müqavilənin tərəfdaşları bir neçə trilyon kubfut qaz və bir neçə milyard kubmetr kondensat ehtiyatı olan yeni iri qaz ehtiyatlarının kəşf olunduğunu bildiriblər. Trend-in məlumatına görə, bu barədə Total şirkətinin yaydığı məlumatda deyilir.

Kabakçının sözlərinə görə, Türkiyə və Azərbaycan arasındakı əməkdaşlığın möhkəmlənməsi regionda sabitliyin bərqəara olmasına kömək edəcək. Azərbaycanın energetika sahəsindəki uğuru Türkiyəni sevindirir, çünki Bakının regionda güclənməsi Ankaranın maraqlarına xidmət edir.

Hazırda Türkiyəyə Azərbaycan qazı "Şahdəniz" yatağından ixrac olunur. İki ölkə arasında imzalanmış müqaviləyə əsasən, Türkiyə ildə 6,6 milyard kubmetr qazı "Şahdəniz" yatağının işlənməsinin I mərhələsindən əldə edir. Ölkə yatağın işlənməsinin II mərhələsindən ildə 6 milyard kubmetr qaz alacaq.

"Abşeron" blokunun iştirakçıları: ARDNŞ - 40 faiz, Fransanın Total şirkəti - 40 faiz və Gaz De France Suez - 20 faiz.

"Abşeron" strukturu üzrə müqavilə 2009-cu ilin 27 fevralında ARDNŞ və Total arasında imzalanıb. Daha sonra Total müqavilədə iştirak payının 20 faizini "Gaz De France Suez" şirkətinə verib.

"Abşeron" bloku Bakıdan 100 km uzaqda 500 metr dərinlikdə yerləşir.

Xəbər lenti

Xəbər lenti