Azərbaycan, Bakı, 18 noyabr /Trend, müxbir A.Tağıyeva/
Türkiyədə tikintisi planlaşdırılan yeni Azərbaycan-Türkiyə "Trans Anadolu" qaz kəməri "Nabukko" qaz kəməri ilə birləşdirilə bilər. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumatına görə, bu barədə cümə günü Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız deyib.
ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) prezidenti Rövnəq Abdullayev cümə axşamı bildirib ki, Azərbaycan və Türkiyə Türkiyənin şərq sərhədlərindən qərb sərhədlərindək uzanacaq yeni qaz kəmərinin tikintisi imkanlarının öyrənilməsi üzrə işlərə başlayıblar.
Azərbaycanın 2025-ci ilədək hasil etməyi planlaşdırdığı 50 milyard kubmetr qazın böyük hissəsini ixrac etmək üçün Bakı və Ankara Türkiyə ərazisində yeni qaz kəməri tikməyə hazırlaşırlar. Bu layihənin iştirakçıları bu boru kəməri layihəsi ilə bağlı bütün məsələləri 2012-ci il ərzində həll etmək və vaxt itirmədən inşaat işlərinə başlamaq istəyirlər ki, 2017-ci ilin sonlarında - "Şahdəniz" layihəsinin 2-ci mərhələsi üzrə istismar başlayanda kəmər artıq hazır olsun.
"Cənub dəhlizi"nin layihələrindən biri olan "Nabukko" qaz kəməri layihəsi Xəzər regionu və Yaxın Şərqdən qazın Aİ ölklərinə tədarükünü nəzərdə tutur. Boru kəmərinin tikintisi 2013-cü ildə nəzərdə tutulub. Kəmərlə ilk tədarük isə 2017-ci ildə gözlənilir.
Boru kəmərinin ümumi uzunluğu 3900 kilometrdir. Bor kəmərinin maksimal gücü ildə 31 milyard kubmetr təşkil edir. Layihənin səhmdarları Avstriyanın OMV, Macarıstanın MOL, Bolqarıstanın "Bulgargaz", Rumıniyanın "Transgaz", Türkiyənin Botas və Almaniyanın RWE şirkətləridir.