...

Azərbaycan Dövlət Neft Fondu xarici menecerlərə tələbləri sərtləşdirmək niyyətində deyil

Energetika Materials 19 Noyabr 2011 14:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 noyabr /Trend, müxbir E.İsmayılov/

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) xarici menecerlərə valyuta vəsaitlərinin saxlanması, yerləşdirilməsi və idarə olunması qaydalarına dəyişikliklərin tətbiqində tələbləri sərtləşdirmək niyyətində deyil. Bu barədə Trend-ə şənbə günü ARDNF-dən məlumat verilib.

Oktyabrın sonlarında Azərbaycan Prezidentinin sərəncamı ilə 2001-ci il iyulun 19-da qəbul edilən valyuta vəsaitlərinin saxlanması, yerləşdirilməsi və idarə olunması qaydalarına dəyişiklik edilib.

Məlumata görə, dəyişikliklərdən sonra xarici menecerlərə əsas tələblər dəyişməz qalıb.

"Qaydalara dəyişikliklərdə xarici menecerlərlə bağlı tələblərdə hansısa sərtləşdirmə nəzərdə tutulmayıb. Əvvəllər olduğu kimi ARDNŞ-nin aktivləri idarəçiliyində bir milyard dollardan az vəsaitin olmadığı və ya bu sahədə ən azı beş il iş təcrübəsi olan xarici menecerlərə verilə bilər", - Fonddan deyiblər.

Bu gün Fondun menecerləri Dünya Bakının Xəzinədarlıq İdarəsi, "Clarident" (Credit Suisse-pin bölməsi) və "Deutschebank Asset Management" banklarıdır.

Qaydalara dəyişikliklərdə Dövlət Neft Fondunun investisiya portfelinin idarə edilməsi üçün cəlb olunan xarici menecerlərə tələblər dəqiqləşdirilib. O cümlədən, Fondun vəsaitlərinin idarə edilməsi üçün xarici menecerin və ya onun əsas təsisçisinin kredit reytinqi (Standard & Poors, Fitch yaxud Moodys) investisiya səviyyəsindən aşağı olmamalıdır və ya o, aktivlərin idarə edilməsi üzrə ən azı beş il müsbət təcrübəyə malik olmalıdır.

Ötən il Neft Fondunun vəsaitlərinin idarə olunmasından 155,9 milyon manat gəlir əldə olunub, 2011-ci ilin yanvar-sentyabr ayları üzrə isə 162,9 milyon manat olub.

ARDNF Nizamnaməsinə görə, Fondun vəsaitləri strateji baxımdan mühüm infrastruktur obyektlərin tikintisi və yenidən qurulmasına, eləcə də vacib ümummilli problemlərin həlli üçün istifadə oluna bilər. 2001-2009-cu illərdə əsas diqqət həm neft sektorunun, həm infrastruktur sahələrin, həm də ölkənin qeyri-neft sektorunun inkişafına yönəldilib. Hazırda irriqasiya, nəqliyyat sahəsində bir sıra mühüm layihələr maliyyələşdirilir.

Dövlət Neft Fondunun əsas məqsədləri bunlardır: iqtisadiyyata mənfi təsirlərin minimallaşdırılması məqsədilə Fondun vəsait və aktivlərini xaricdə yerləşdirməklə müəyyən dərəcədə "holland sindromu"nun qarşısını almaq, vəsaitlərin gələcək nəsillər üçün toplanmasını təmin etmək və ölkədə cari sosial-iqtisadi prosesləri dəstəkləmək.

Dövlət Neft Fondu 1999-cu ildə yaradılıb və həmin vaxt onun aktivləri 271 milyon dolalr təşkil edib. ARDNF-in aktivləri oktyabrın birinə olan vəziyyətə görə 41,6 faiz artaraq bu ilin əvvəli ilə müqayisədə (22 milyard 766,8 milyon dollar), 32 milyard 242,5 milyon dollar təşkil edib.

Noyabrın 19-na olan rəsmi məzənnə 0,7865 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti