Azərbaycan, Bakı, 23 dekabr /Trend, müxbir E.İsmayılov/
ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) 2010-2011-ci tədris ilinin ilk semestrinin nəticələri üzrə Azərbaycanın müxtəlif ali məktəblərinin 200 tələbəsinə şirkətin təqaüdü ilə plastik kartlar təqdim edib.
Təqaüdlərin təqdim edildiyi 200 tələbədən 125-i Azərbaycan Neft Akademiyasında, 27-si Bakı Dövlət Universitetində, 20-si "Qafqaz" Universitetində, 16-sı Azərbaycan Dövlət İqtisadiyyat Universitetində, 6-sı Moskva Dövlət Universitetinin Bakı filialında, 2-si Sumqayıt Dövlət Universitetində, biri isə Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alır.
"Hər il ARDNŞ təqaüdünə marağın artması sevindirici haldır", - Trend-in məlumatına görə, bu barədə cümə günü ARDNŞ prezidenti Rövnəq Abdullayev təqaüdlərin təqdim edilməsi mərasimində deyib.
Onun sözlərinə görə, təqaüdü almaq üçün təşkil edilən müsabiqədə iştirak etmək məqsədilə Azərbaycanın 18 ali təhsil müəssisəsindən 1928 tələbə müraciət edib. Nəticədə ilk tura 152 nəfər, ikinci tura isə 339 nəfər buraxılıb və onlardan cəmi 200 nəfər seçilib.
Abdullayev qeyd edib ki, ARDNŞ ehtiyac duyduğu kadrların hazırlanmasına böyük diqqət yetirir. ARDNŞ-nin həmçinin tələbələrin xaricdə təhsil alması proqramı var. Bu proqram 2006-cı ildən fəaliyyət göstərir və hazırda proqramda 170 nəfər iştirak edir və onlardan 74 nəfəri təhsillərini başa vuraraq Vətənə qayıdaraq ARDNŞ bölmələrinin müxtəlif strukturlarında işləyirlər.
2010-cu ildə ARDNŞ-in təqaüdü ayda 100 manat təşkil edirdi.