Azərbaycan, Bakı, 4 yanvar /Trend/
Özbəkistan ilkin xəbərdarlıq etmədən yanvarın 4-də səhər Tacikistana təbii qazın verilməsini dayandırıb. Bu barədə çərşənbə günü Trend "Asiya-Plyus"a istinadən məlumat verir.
Tacikistan Xarici İşlər Nazirliyinin İnformasiya Departamentinin rəhbəri Dövlət Nəzrinin jurnalistlərə verdiyi məlumata görə, Tacikistan iki ölkə arasında imzalanma məsələsi üzrə dəfələrlə Özbəkistana müraciət edib.
"Xüsusilə, ötən ilin avqustunda "Taciktransqaz" ASC-nin rəhbərliyi özbək həmkarlarından 2012-ci ildə təbii qazın tədarükü məsələsinin müzakirəsi üçün görüşməyi xahiş edib, - Nəzri deyib. - Lakin Özbəkistan tərəfi görüşü daha gec vaxta təxirə salıb. 2011-ci il noyabrın 18-də "Tacikistansqaz"ın rəhbərliyi məktubla "Uztransqaz" rəhbərliyinə müraciət edib və məktub cavabsız qalıb. Dekabrın 22-də Tacikistan Baş nazirinin müavini Muradəli Əlimərdan bu məsələ haqqında məktubla Özbəkistan Baş nazirinin birinci müavini Rüstəm Əzimova müraciət edib. Əzimov isə öz növbəsində cavab verib ki, hazırda özbək qazının əsas istehlakçıları - Rusiya və Çinlə danışıqlar gedir və Tacikistanla sazişin bağlanması mümkün deyil".
Onun sözlərinə görə, Tacikistanın Daşkənddəki səfiri dəfələrlə müvafiq strukturlara 2012-ci ildə özbək qazının Tacikistana tədarükü haqqında sazişin bağlanması üzrə müraciət edib.
Tacikistan XİN-in nümayəndəsi məlumat verib ki, bu gün səhər Özbəkistanın Düşənbədəki səfiri nazirliyə çağırılıb. Ona Tacikistan Prezidentinin özbək həmkarına ünvanladığı məktub təqdim edilib.
Nəzrinin sözlərinə görə, Tacikistan ölkələr arasında xoş qonşuluq münasibətlərinə söykənərək ümid edir ki, mövcud məsələ yaxın müddətdə həll olunacaq.