...

Azərbaycanın qaz ehtiyatı ölkəyə böyük diqqəti cəlb edir - millət vəkili

Energetika Materials 17 Yanvar 2012 19:22 (UTC +04:00)
Trilyonlarla kubmetrlə ölçülən Azərbaycanın qaz ehtiyatı digər ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsinin əsas mənbələrindən biri kimi ölkəyə daha böyük diqqət və marağı cəlb edir.
Azərbaycanın qaz ehtiyatı ölkəyə böyük diqqəti cəlb edir - millət vəkili

Azərbaycan, Bakı, 17 yanvar /Trend, müxbirlər E.İsmayılov, N.İsmayılova/

Trilyonlarla kubmetrlə ölçülən Azərbaycanın qaz ehtiyatı digər ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsinin əsas mənbələrindən biri kimi ölkəyə daha böyük diqqət və marağı cəlb edir. Bu barədə çərşənbə axşamı Trend-ə Azərbaycan Milli Məclisinin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov bildirib.

Onun sözlərinə görə, ilk növbədə, son illər diversifikasiya siyasətinin həyata keçirilməsi Azərbaycana neft və qaz ixracatının müxtəlif vektorlu marşrutlarını təmin etməyə imkan verib.

Əhmədovun fikrincə, Trans-Anadolu qaz kəməri (TANAP) layihəsi ilə bağlı razılığın əldə edilməsi böyülk əhəmiyyət kəsb edir. Bu layihə Azərbaycana Türkiyə ərazisindən keçməklə qazın Avropa bazarına çıxışını təmin etməyə imkan verəcək.

Millət vəkilinin sözlərinə görə, TANAP layihəsinin həyata keçirilməsi və Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin mövcudluğu nəzərə alınmaqla, qazın hasilatı və ixracatı üzrə problem yoxdur və perspektivdə də olmayacaq.

Əvvəllər Azərbaycan və Türkiyə Azərbaycanın "Şahdəniz" yatağından təbii qazın Türkiyə ərazisindən Avropaya nəqli üçün qaz kəməri tikəcək konsorsiumun yaradılmasına dair qarşılıqlı anlaşma memorandumu imzalayıblar.

Trans-Anadolu qaz kəmərinin (TANAP) tikintisi Azərbaycanın 2025-ci ilədək hasil etmək niyyətində olduğu 50 milyard kubmetr həcmində qazın böyük hissəsinin ixracı üçün lazımdır.

Layihə iştirakçıları bu qaz kəməri ilə bağlı bütün məsələləri 2012-ci ildə həll etməyi və layihənin "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsinə başlanacağı 2017-ci ilin sonunadək təhvil verilməsi üçün tikintiyə başlamağı planlaşdırır. Bu qaz kəməri "Cənub qaz dəhlizi"nin əsası olacaq.

Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağının (ehtiyatlarının həcmi 1,2 trilyon kubmetr) işlənməsi üzrə konsorsium Avropaya qaz ixracının mümkün marşrutlarını nəzərdən keçirir. O cümlədən, "Cənub qaz dəhlizi" marşrutları öyrənilir.

"Şahdəniz" yatağı üzrə müqavilə 1996-cı il iyunun 4-də imzalanıb. Müqavilə iştirakçıları bunlardır: BP (operator) - 25,5%, "Statoil" - 25,5%, NICO - 10%, "Total" - 10%, "LUKoil" - 10%, TPAO - 9%, ARDNŞ - 10%.

Xəbər lenti

Xəbər lenti