Azərbaycan, Bakı, 31 yanvar / Trend müxbir E.İsmayılov/
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 30-da 114,26 dollar/barel təşkil edib. 1997-ci ildən yüngül neft hasil edən ARDNŞ-dən (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) çərşənbə axşamı verilən məlumata görə, bazar ertəsi neftin qiymətləri cümə gününə nisbətən 0,39 dollar/barel azalıb.
"Azeri Light" neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan çıxarılır. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Türkiyənin Ceyhan, dəmiryolla Gürcüstanın Batumi limanlarına çatdırılır. Bununla yanaşı, "Azeri Light" Bakı-Supsa kəməri ilə Gürcüstanın Supsa limanına ixrac olunur.
ARDNŞ-dən bildiriblər ki, FOB Türkiyənin Ceyhan limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 30-da 113,33 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,41 dollar/barel azdır.
Azərbaycan neftin URALS növünü Novorossiysk limanından satır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti yanvarın 30-da 108,76 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,32 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti yanvarın 30-da 110,14 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,25 dollar/barel azdır.