...

Azərbaycan Dövlət Neft Fondunun aktivləri 2011-ci ildə 30 faizdən çox artıb

Energetika Materials 8 Fevral 2012 16:29 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2011-ci il ərzində büdcə gəlirləri 15 628,3 milyon manat, büdcə xərcləri isə 9 606,6 milyon manat təşkil edib.
Azərbaycan Dövlət Neft Fondunun aktivləri 2011-ci ildə 30 faizdən çox artıb

Azərbaycan, Bakı, 8 fevral /Trend, müxbir E.İsmayılov/

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2011-ci il ərzində büdcə gəlirləri 15 628,3 milyon manat, büdcə xərcləri isə 9 606,6 milyon manat təşkil edib.

ARDNF-dən çərşənbə günü Trend-ə verilən məlumata görə, 2011-ci il ərzində Dövlət Neft Fondunun neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 15 451,9 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 15 257,5 milyon manat, Şahdəniz-I fazası üzrə qiymət fərqindən daxilolmalar 101,7 milyon manat, Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri layihəsi üzrə dividendlərdən 66,8 milyon manat, tranzit gəlirləri 7,5 milyon manat, akrhesabı ödənişlər 1,3 milyon manat, bonus ödənişləri 15,7 milyon manat, xarici sərmayəçilər tərəfindən təhvil verilmiş aktivlərdən 1,4 milyon manat təşkil edib.

Ötən il ərzində Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə olunan gəlirlər 176,4 milyon manata bərabər olub.

Hesabat dövrü ərzində Neft Fondunun 2011-ci il büdcəsinin icrası çərçivəsində 9000,0 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib.

Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 140,0 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması və Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilişi layihələrinin maliyyələşdirilməsi məqsədilə isə müvafiq olaraq 200,0 milyon manat və 32,6 milyon manat vəsait ayrılıb.

"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə Neft Fondundan 15,0 milyon manat vəsait ayrılıb.

161,9 milyon manat "Bakı-Tbilisi-Qars yeni dəmir yolu" layihəsinin maliyyələşdirilməsinə yönəldilib.

2011-ci il ərzində Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər 57,1 milyon manat olub.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərqlə bağlı Fondun büdcədənkənar xərci 749,8 milyon manat təşkil edib.

2012-ci il yanvarın 1-nə Fondun aktivləri 2011-ci ilin əvvəlinə (22 766,8 milyon ABŞ dolları) nisbətən 30,9% artaraq 29 800,0 milyon ABŞ dollarına bərabər olub.

Xəbər lenti

Xəbər lenti