Gürcüstan, Batumi, 14 may / Trend, müxbir N.Kirsxaliya/
Azərbaycanın maye qazının Gürcüstanın Qara dəniz sahilləri vasitəsilə Rumıniyaya nəqli üzrə AGRI layihəsinin texniki-iqtisadi əsaslandırması (TİƏ) sentyabrda hazır olacaq. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi jurnalistlərə ATƏT Parlament Assambleyasının Batumidə keçirilən iqtisadi forumunda Gürcüstanın energetika naziri Aleksandr Xetaquri məlumat verib.
Xetaqurinin sözlərinə görə, Azərbaycandan Avropaya maye qazın nəqlinin yeni marşrutu çox vacibdir. "Azərbaycanın, Gürcüstanın və Ruminiyanın iştirak etdiyi razılaşmaya Azərbaycandan maye qaz almaq istəyən Macarıstan da qoşulur", - o qeyd edib.
Nazir bildirib ki, Macarıstanın bu layihəyə qoşulması layihəyə qoşulmağa dair danışıqların aparılacağıı sentyabrda mümkün olacaq. "Bu, Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin olunması üçün yaxşı yoldur", - Xetaquri deyib.
Onun sözlərinə görə, TİƏ-nin hazırlanmasından sonra tərəflər zəruri infrastrukturların tikintisi üçün maliyyənin cəlb olunması işlərinə başlayacaqlar.