Azərbaycan, Bakı, 15 may /Trend, müxbir E.İsmayılov /
Bu ilin sentyabrınadək Qobustandakı alternativ enerji üzrə sınaq poliqonu "Azərenerji" SC-nin ümumi elektrik paylayıcı şəbəkəsinə birləşdiriləcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə Azərbaycanın Sənaye və Energetika Nazirliyi yanında Alternativ və Bərpa Olunan Enerji Mənbələri Agentliyi rəhbərinin müavini Cəmil Məlikov bildirib.
Onun sözlərinə görə, poliqonda istehsal olunacaq elektrik enerjisi respublikada bir kilovatt elektrik enerjisi üçün müəyyən olunan standart qiymətə (0,06 manata) abonentlərə satılacaq.
Məlikovun sözlərinə görə, birinci mərhələdə poliqonda istehsal olunan elektrik enerjisi hesabına Mərəzə şəhərini, ikinci mərhələdə isə bütün Qobustan rayonunu təmin etməsi planlaşdırılır.
Hazırda poliqonun ümumi layihə gücü 5,5 meqavat təşkil edir ki, bunun 2,7 meqavatı külək enerjisinin regenerasiyası turbinlərinin, 1,8 meqavatı isə Günəş panellərinin və bir meqavatt isə bioloji kütlədən hasil olunan enerjinin payına düşür.
Bütün rayonu əhatə etmək üçün perspektivdə gücü 2,5 meqavat olan dördüncü külək turbininin tikintisi planlaşdırılır. Bununla da poliqonun ümumi gücü səkkiz meqavata çatacaq.