...

Natiq Əliyev: Azərbaycan Transxəzər qaz kəməri barədə qərardan sonra türkmən qazının tranzitinin mümkünlüyünə baxacaq

Energetika Materials 18 Sentyabr 2012 10:34 (UTC +04:00)
Azərbaycan Türkmənistanın Transxəzər qaz kəmərinin tikintisi barədə qərar qəbul etməsindən sonra öz ərazisindən türkmən qazının tranzitinin mümkünlüyünə baxacaq.
Natiq Əliyev: Azərbaycan Transxəzər qaz kəməri barədə qərardan sonra türkmən qazının tranzitinin mümkünlüyünə baxacaq

Azərbaycan, Bakı, 18 sentyabr /Trend, müxbir E.İsmayılov/

Azərbaycan Türkmənistanın Transxəzər qaz kəmərinin tikintisi barədə qərar qəbul etməsindən sonra öz ərazisindən türkmən qazının tranzitinin mümkünlüyünə baxacaq. Bu barədə çərşənbə axşamı Trend-ə Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev məlumat verib.

Onun sözlərinə görə, Transxəzər qaz kəməri Azərbaycanın layihəsi deyil və onun reallaşdırılması Azərbaycandan asılı deyil. Transxəzər boru kəməri Xəzər hövzəsinin enerji resurslarının Avropa bazarına çatdırılması üzrə "Cənub dəhlizi"nin hissəsi kimi nəzərdən keçirilir.

"Bu layihədə Türkmənistanın mövqeyi böyük rol oynayır. Əgər Türkmənistan bu layihəni vacib hesab edirsə və ona Qərb bazarlarına çıxış kimi baxırsa, onda Azərbaycan bu ideyanı dəstəkləyir. Azərbaycan öz növbəsində, öz hissəsində bu boru kəmərinin çəkilişi üçün hər cür şərait yaradacaq", - Əliyev deyib.

Onun sözlərinə görə, Azərbaycan bu layihə üzərində işi davam etdirir.

"Bu sadə layihə deyil. Burada həm siyasi, həm də kommersiya və iqtisadi maraqlar mövcuddur", - Əliyev deyib.

Nazirin sözlərinə görə, bu layihədə Avropa İttifaqının da maraqları var. Hazırda üçtərəfli məsləhətləşmələr aparılır.

"Danışıqlar davam edir və öhdəliklərlə bağlı çətinliklər var. Birincisi, Türkmənistan 30 milyard kubmetrdən az olmayaraq qaz ixrac edəcəyini bəyan edib. İkincisi, Aİ bu qazı alacağına zəmanət verməlidir. Üçüncüsü, bu boru kəmərinin maliyyələşdirilməsi məsələsi hələlik müəyyən edilməyib", - Əliyev deyib.

Nazir bildirib ki, bütün bu məsələlərin həlli üzrə işlər davam edir.

Uzunluğu 300 kilometrə yaxın olan Transxəzər boru kəməri Xəzərin Türkmənistan sahillərindən Azərbaycana qədər uzanacaq. Layihədə əsas xammal yükü Türkmənistanın üzərinə düşür. Transxəzər boru kəmərinin tikintisi ilə bağlı Türkmənistanla Aİ və başqa ölkələr arasında danışıqlar ötən əsrin 90-cı illərinin sonlarından aparılır.

Transxəzər qaz kəmərinin reallaşdırılması ilə bağlı hələlik birbaşa razılaşma yoxdur. Lakin Aİ 2011-ci ilin sentyabrında Aİ, Azərbaycan və Türkmənistan arasında Transxəzər qaz kəməri layihəsi üzrə danışıqların başlanmasına dair mandat verib. Bundan sonra danışıqlar prosesi başlayıb.

Transxəzər qaz kəməri bir ay əvvəl Aşqabadda Azərbaycan, Türkiyə, Türkmənistan və Aİ-nin yüksəkrütbəli nümayəndələri arasında keçirilən danışıqların mövzularından biri olub.

Xəbər lenti

Xəbər lenti