...

ARDNŞ Qaz emalı zavodunun layihələndirilməsində Qətərin təcrübəsindən yararlanmaq niyyətindədir

Energetika Materials 21 İyun 2013 20:21 (UTC +04:00)
ARDNŞ-nin vitse-prezidentləri Tofiq Qəhrəmanov və Bədəl Bədəlovun başçılıq etdiyi nümayəndə heyəti Qətərdə səfərdə olub.
ARDNŞ Qaz emalı zavodunun layihələndirilməsində Qətərin təcrübəsindən yararlanmaq niyyətindədir

Azərbaycan, Bakı, 21 iyun /Trend/

ARDNŞ-nin vitse-prezidentləri Tofiq Qəhrəmanov və Bədəl Bədəlovun başçılıq etdiyi nümayəndə heyəti Qətərdə səfərdə olub.

Trend Dövlət Neft Şirkətinin rəsmi saytına istinadən məlumat verir ki, səfər zamanı Azərbaycanda inşası nəzərdə tutulan Neft-Qaz emalı və Neft-kimya Kompleksi (NQNK) layihəsinin ilk mərhələsi olan Qaz emalı zavodunun (QEZ) layihələndirilməsi və icrasında Qətərin son illər qazandığı təcrübədən yararlanmaq məqsədilə geniş təcrübə mübadiləsi aparılıb, digər məsələlər müzakirə edilib.

"Qatar Petroleum International" şirkətində Direktorlar Şurasının üzvləri, şirkətin icraçı direktoru Nasser Əl-Cəida və şirkətin neft və qaz birgə müəssisələri üzrə direktoru Saad Əl-Kaabi ilə görüşlər keçirilib. Görüşdə son illər bütün dünyada Qətər və Azərbaycanın iqtisadi inkişaf sürətinə görə əhəmiyyətli nəticələr əldə etdiyi vurğulanıb. T.Qəhrəmanov ARDNŞ prezidenti Rövnəq Abullayevin salamlarını çatdırıb, dövlətlər arasında ikitərəfli əlaqələrin yüksələn xətlə inkişaf etdiyini bildirib və Qətərin dünya neft-qaz bazarında özünəməxsus yer tutduğunu qeyd edib.

Görüşdə NQNK layihəsi barədə məlumat verilib, iki şirkət arasında əlaqələrin daha da inkişaf etdirilməsi məqsədilə işçi qrupunun yaradılması və qazanılan təcrübələrin bölüşdürülməsi təklif edilib. Neft-qaz sahəsində qarşılıqlı maraq doğuran məsələlər və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.

Nümayəndə heyəti, həmçinin Qətər Dövlətinin neft-qaz istehsalat zavodlarını özündə birləşdirən və dünyanın ən böyük sənaye şəhərciklərindən biri olan "Ras Laffan" sənaye şəhərciyinə səfər edib. Burada fəaliyyət göstərən emal zavodları, liman təsərrüfatı, köməkçi istehsalat obyektləri və s. barədə geniş məlumat verilib, istehsal sahələrinə - dünyanın ən böyük LNG istehsalı zavodlarına və liman təsərrüfatına, tikinti zamanı çalışan işçilərin yaşaması üçün salınmış tikinti şəhərciyinə baxış keçirilib və ətraflı fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti