Azərbaycan, Bakı, 8 iyul /Trend/
ARDNŞ-nin "Azərikimya" İstehsalat Birliyinin növbəti mütəxəssislər qrupu Türkiyənin ən iri neft-kimya komplekslərindən olan "Petkim" şirkətində çoxgünlük təcrübə mübadiləsində olmuş, energetika, nəzarət-ölçü cihazları və avtomatika üzrə yeni texnologiyaların tətbiqi və müasir neft-kimya avadanlıqlarının kompüter sistemi üzrə idarə olunması metodları ilə tanış olmuşlar.
"Petkim"də növbəti təcrübə müadiləsində olan sumqayıtlı mütəxəssislər ilk iki gün ərzində yeni yaradılmış "Petkim" Akademiyasında təhlükəsizlik texnikası və ilk tibbi yardım üzrə müvafiq kurslarda iştirak etmişlər.
Sonrakı günlərdə adi iş rejimində mütəxəssis kimi çalışan kimyaçılar bu qabaqcıl müəssisənin yeni texnologiyalar əsasında yaradılmış sex və istehsalatlarında nəzəri və təcrübi biliklərini daha da zənginləşdirmişlər. "Petkim"in müəssisələrində bir çox istehsalat proseslərinin avtomatik idarə olunması, texniki sənədləşmə işlərinin elektron formada aparılması kimyaçılar üçün mühüm təcrübə nümunəsi olmuşdur.
"Azərikimya" İstehsalat Birliyi və "Petkim" şirkəti arasında artıq bir neçə ildir ki, davam edən təcrübə mübadiləsi sayəsində fəhlə və mühəndis kadrların ixtisaslarını artırması, yeni texnologiyaların mənimsənilməsi əldə olunan nəzəri biliklərin və praktiki təcrübələrin "Azərikimya"nın sex və istehsalatlarında uğurlu tətbiqi ilə nəticələnir.
Təcrübə mübadiləsi müddəti başa çatdıqdan sonra "Azərikimya" İB-nin mütəxəssisləri "Petkim" şirkətinin rəhbərliyi tərəfindən qəbul edilmiş və onlara müvafiq sertifikatlar təqdim olunmuşdur.