Azərbaycan, Bakı, 19 iyul /Trend, müxbir A.Tağıyeva/
TAP və TANAP qaz kəmərləri layihələri Türkiyə və Yunanıstan üçün sülhməramlıdır və iki ölkənin dostluğunu tərənnüm edir. Trend-in cümə günü "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bu barədə Yunanıstanın xarici işlər naziri Evangelos Venizelos türkiyəli həmkarı Əhməd Davudoğlu ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
Nazirin sözlərinə görə, Yunanıstan və Avropanın digər ölkələri üçün enerji resursları mənbələri və tədarük marşrutlarını şaxələndirmək çox vacibdir.
Venizelos qeyd edib ki, Avropanın təbii qaza təlabatı artır və yaxın illərdə bu tələbat 7 kvadrilyon kubmetr təşkil edəcək.
Öz növbəsində, Əhməd Davudoğlu deyib ki, TAP layihəsi Yunanıstan və Türkiyə arasında xüsusilə enerji sahəsində əməkdaşlığın inkişafı yolunda vacib addım olacaq.