...

ARDNŞ Gürcüstanda 166 mindən çox abonenti qazla təmin edib

Energetika Materials 25 İyul 2013 15:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 iyul /Trend/

İyulun 24-də Gürcüstanın Tianeti bölgəsinin eyniadlı qəsəbəsində "SOCAR Georgia Gas" şirkəti tərəfindən çəkilən qaz kəmərinin birinci hissəsinin açılışı olub. Mərasimdə Gürcüstanın energetika naziri Kaxi Kaladze və "SOCAR Energy Georgia" MMC-nin baş direktoru Mahir Məmmədov iştirak ediblər.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, Tianeti qəsəbəsində hazırki mərhələdə çəkilmiş 11 kilometrlik qaz şəbəkəsi 301 potensial abonentin qaz kəmərinə qoşulmasına imkan verəcək. Artıq Mtsxeta-Tianeti rayonu və Şida Kartli regionunda 496,4 kilometr uzunluğunda qaz şəbəkəsi çəkilib, 16 500 abonent qazla təmin olunub. İlin sonuna kimi şəbəkənin 625 kilometr məsafədə uzadılması nəzərdə tutulur ki, bu da daha 20 872 abonentin qazla təchizatı üçün şərait yaradacaq.

2009-2012-ci illərdə həyata keçirilən investisiya proqramı çərçivəsində "SOCAR Georgia Gas" şirkəti tərəfindən Gürcüstanda 3000 kilometr uzunluğunda qaz xətləri çəkilib və 166 091 abonent qazla təmin olunub.

Qeyd edək ki, "SOCAR Energy Georgia" MMC-nin tərkibinə daxil olan "SOCAR Georgia Gas" şirkəti 2007-ci ilin avqustunda Gürcüstanın qaz bazarında fəaliyyət göstərmək məqsədi ilə yaradılıb. Şirkət təbii qazın idxalı, sosial və kommersiya tipli istehlakçılara satışı ilə məşğul olur. Gürcüstanın İqtisadi İnkişaf Nazirliyi ilə imzalanmış müqaviləyə əsasən, "SOCAR Georgia Gas" həmçinin yeni qaz kəmərlərinin tikintisi və mövcud kəmərlərin reabilitasiyasını həyata keçirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti