Azərbaycan, Bakı, 15 aprel /Trend/
Hesabat dövründə keçən ilin müvafiq dövrü ilə müqayisədə bütün mənbələr hesabına ölkə iqtisadiyyatına, xüsusilə mədənçıxarma və emal sənayesinə əsas kapitala yönəldilən vəsaitin həcmi artımla müşayiət olunmuşdur. İnkişaf edən Azərbaycanın iqtisadi gücünün və beynəlxalq nüfuzunun artmasında energetika kompleksinin mühüm və həlledici rolu vardır, bu sahə inkişafının yüksək səviyyəli dövrünü yaşayır.
Trend-in məlumatına görə, bunu aprelin 13-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı enerji naziri Natiq Əliyev deyib.
Dünyada hökm sürən iqtisadi və maliyyə böhranı dövründə iqtisadiyyatımızın daha da gücləndiyini, ölkəmizin enerji sahəsində yeni uğurlara imza atdığını bildirən enerji naziri Natiq Əliyev deyib ki, ölkənin neft-qaz və energetika sahəsinə böyük həcmli investisiyaların qoyulması və müasir texnologiyaların tətbiqi nəticəsində respublikamızda bu sahədə böyük nailiyyətlər əldə olunmuşdur.
Hesabat dövründə 10 milyon 562 min ton xam neft, 7 milyard 677 milyon kubmetr təbii qaz hasil edilmişdir. Bu da 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 255 min ton xam neft və 557 milyon kubmetr qaz çoxdur. 2014-cü il yanvarın 29-da "Azəri-Çıraq-Günəşli" (AÇG) dəniz yataqlar blokunun tammiqyaslı işlənməsi proqramı çərçivəsində yeni istismara verilmiş "Qərbi Çıraq" platformasından ilk neft hasil olunmuşdur və bu əlamətdar hadisə müasir neft tariximizin növbəti uğuru kimi qiymətləndirilməlidir.
"Qərbi Çıraq" platforması dənizin 170 metr dərinliyində quraşdırılmışdır və onun layihə gücü gündəlik 25 min ton xam neft və təxminən 8 milyon kubmetr qaz hasil etmək potensialına malikdir. İldə bu platformadan təxminən 8,2 milyon ton neft və 2,8 milyard kubmetr qaz hasil ediləcəkdir. Hasilata başlamış və yeni texnologiyalar üzərində inşa edilmiş bu platforma gələcəkdə hələ uzun illər boyunca dünya səviyyəli qurğu kimi Azərbaycanda neft hasilatının həcminin sabit səviyyədə saxlanılmasını təmin edəcəkdir: "Sizin "Azəri-Çıraq-Günəşli" yataqlarında 2011-2012-ci illərdə neft hasilatının həcminin kəskin surətdə azalması ilə əlaqədar "bp-Azərbaycan" şirkətinin rəhbərliyinin ünvanına söylədiyiniz haqlı tənqid və iradlarınız, habelə texniki problemlərin tezliklə aradan qaldırılması üçün lazımi tədbirlərin görülməsi haqqında verdiyiniz ciddi tapşırıqlar müsbət nəticələnmişdir. Belə ki, 2013-cü ilin yekun nəticələrinə əsasən AÇG yataqlarından 30 milyon 623 min ton proqnoz göstəricilərinə qarşı 32 milyon 717 min ton və ya 2,1 milyon ton xam neft artıq hasil edilmişdir. Bu ilin birinci rübündə isə 7 milyon 694 min ton neft əvəzinə 7 milyon 908 min ton neft hasil olmuşdur ki, bu da proqnozda nəzərdə tutulandan 214 min ton çoxdur".
N.Əliyev bildirib ki, uğurla həyata keçirilən enerji siyasəti nəticəsində respublikamızın təbii qazla təchizatı sahəsində mühüm irimiqyaslı praktiki işlər görülmüşdür və davam etməkdədir: "Energetika Nazirliyi tərəfindən "Qazdan istifadə Qaydaları"nın hazırlanması, təsdiq və tətbiq edilməsi ölkə ərazisində qazlaşdırma prosesinin nizamlanması və təkmilləşdirilməsi üçün mühüm rol oynamışdır.
Həyata keçirilən tədbirlər sayəsində qaz və elektrik enerjisi ilə təmin olunan əhali abunəçilərinin sayı ildən-ilə artmışdır. Qazla təmin edilən rayonların sayı 67-yə çatdırılmış, müxtəlif bölgələrdə qaz təminatı bərpa edilmiş və nəticədə əhalinin əvvəllər külli məbləğdə digər yanacaq növünün əldə edilməsinə yönəldilmiş xərcləri kəskin şəkildə, yəni dəfələrlə azaldılmışdır. Hazırda respublikada təbii qazla təmin olunan abonentlərin sayı 1 milyon 677 minə çatmışdır, sayğaclaşdırmanın səviyyəsi isə 99 faizə yüksəlmişdir. Eyni zamanda, respublika ərazisində "SMART" tipli sayğacların quraşdırılması davam edir və bu günədək 500 mindən artıq bu tipli sayğaclardan istifadə edilir. Bunun nəticəsində enerji haqqının yığımı son illərlə müqayisədə 2,1 dəfə artaraq 93,3 faiz olmuşdur.
Məmnunluq hissi ilə bildirirəm ki, Sizin imzaladığınız "Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı" və "Azərbaycan Respublikasında elektrik enerjisi təminatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" sərəncamlarınız milli energetikamızda yeni eranın başlanğıcını qoymuşdur. Müasir qaz-turbin tipli "Şimal" Elektrik Stansiyasının istifadəyə verilməsi, respublikanın müxtəlif bölgələrində modul tipli elektrik stansiyalarının tikilməsi, buxar-qaz tipli "Sumqayıt" və "Cənub" elektrik stansiyalarının istifadəyə verilməsi son beş il ərzində Azərbaycan energetika sisteminin generasiya gücünü 30 faizə yaxın artırmış və yeniləşdirmişdir. Hazırda bu göstərici 7105 meqavata çatdırılmışdır ki, bu da orta hesabla 24 milyard kilovat-saat elektrik enerjisi istehsal etməyə və 2,1 milyard kilovat-saata qədər elektrik enerjisinin ixracına imkan yaradır".
Nazirin sözlərinə görə, energetika sistemində izafi güc hesabına qərb-şərq və şimal-cənub energetika dəhlizləri vasitəsilə neft və təbii qazın ixracı ilə yanaşı, elektrik enerjisinin də Avropa, Rusiya və İran istiqamətində ötürülməsi respublika üçün çox vacibdir: "Bu məqsədlə qonşu dövlətlərin energetika sistemləri ilə əlaqələrin gücləndirilməsi üçün "Azərenerji" ASC tərəfindən İran ilə cənubda, Rusiya ilə şimalda və Gürcüstan ilə qərb istiqamətində yeni enerji təsərrüfat obyektləri quraşdırılmışdır. Azərbaycan-Gürcüstan-Türkiyə elektrik enerjisi verilişi dəhlizi yaradılaraq, Qərbi Avropa ölkələri ilə enerji mübadiləsinin təşkili istiqamətində 2014-cü ildən başlayaraq 350 meqavat, 2015-ci ildən isə 700 meqavat güc ötürmək imkanı yaranacaqdır. Yüksək diqqətinizə çatdırmaq istərdim ki, bununla əlaqədar Energetika Nazirliyi tərəfindən sadaladığım ölkələrlə müvafiq hökumətlərarası sənədlər hazırlanıb imzalanmışdır.
2014-cü il fevralın 5-də regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunmuş konfransda Sizin, cənab Prezident, tərəfinizdən verilmiş tapşırıqların yerinə yetirilməsi üçün Energetika Nazirliyi ölkədə enerji potensialına tələbatın daim qabaqlanması və bunun üçün gələcəkdə elektrik stansiyalarının tikilməsi, elektrik təsərrüfatının yeniləşməsi, qazlaşdırılmanın 95-98 faizə çatdırılması məqsədilə təkliflər və onların əsasında inkişaf proqramları işləyib hazırlamışdır".
N.Əliyev bildirib ki, "Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 3 mart tarixli Fərmanının icrasını təmin etmək məqsədilə Energetika Nazirliyi elektrik təchizatı şəbəkəsinə qoşulma sahəsində sənədlərin elektron qaydada təşkilinin prosedur, müddət və xərclərin azalması üçün mövcud qanunvericiliyə dəyişikliklər edilməsi barədə bir sıra təkliflər hazırlayıb Nazirlər Kabinetinə təqdim etmişdir: "Son illər ölkəmizdə enerji səmərəliliyi, alternativ və bərpa olunan enerji mənbələrindən istifadə istiqamətində aparılan tədbirlər dövlətimizin başçısının diqqət mərkəzindədir. Enerji resurslarından səmərəli və qənaətlə istifadə edilməsinə lazımi şəraitin yaradılması mühüm amilə çevrilir. Aparılan araşdırmalardan aydın olur ki, respublikamızda bu sahədə enerji resurslarına ümumi tələbatın təxminən 40 faizinə qənaət etmək potensialı vardır, həmçinin bu tədbirlərin həyata keçirilməsi ekoloji mühitin qorunmasına müsbət təsir edəcəkdir. Əldə etdiyimiz nəticələrə diqqət yetirsək, görürük ki, qənaətcil elektrik stansiyalarının tikilib istifadəyə verilməsi, fiziki cəhətdən köhnəlmiş enerji bloklarının yenidən qurulması, habelə enerjinin istehsalında 97,8 faiz təbii qaz yanacağından istifadə edilməsi nəticəsində son 10 ildə hər kilovat-saat elektrik enerjisinin istehsalına yanacaq sərfi 413 qramdan 2013-cü ildə 303,7 qrama qədər azalmışdır.
Bununla belə, elektrik stansiyalarının adambaşına düşən qoyuluş istehsal gücü yaxın gələcəkdə Azərbaycanın bu göstərici üzrə dünyanın inkişaf etmiş ölkələri səviyyəsinə çatması üçün yeni tikiləcək elektrik stansiyalarının hesabına energetika sisteminin ümumi gücü 10 min meqavatdan yüksək həddə çatdırılmalıdır. Bu səviyyəni təmin etmək üçün əsaslı tikintiyə əlavə 4 milyard manat vəsait cəlb edilməlidir. Nəticədə ölkədə adambaşına düşən elektrik enerjisinin həcmi Avropanın inkişaf etmiş ölkələrinin göstəricisi səviyyəsinə qədər yüksəlib 3600 kilovat-saatdan artıq olacaqdır.
Natiq Əliyev energetika sahəsində fəaliyyətin beynəlxalq normalara və təcrübəyə uyğun qurulması baxımından qanunvericiliyin təkmilləşdirilməsi üçün görüləcək işlərdən bəhs etdi. Energetika Nazirliyində Elektron Hökumət Portalına qoşulma prosesindən danışan Natiq Əliyev nazirlikdə elektron xidmətlərin sayının artdığını dedi, son illərdə enerji layihələri ilə bağlı imzalanan saziş və qəbul olunan qərarların əhəmiyyətini vurğuladı.