...

Azərbaycan, Türkiyə və Rumıniya regionun enerji təhlükəsizliyinin təmin olunmasında birgə əməkdaşlıq edəcək

Energetika Materials 28 Aprel 2014 16:22 (UTC +04:00)
Bu gün Azərbaycan dünyanın enerji sektorunda əsas oyunçu və neft ixracatçısına çevrilmişdir.
Azərbaycan, Türkiyə və Rumıniya regionun enerji təhlükəsizliyinin təmin olunmasında birgə əməkdaşlıq edəcək

Azərbaycan, Bakı, 28 aprel /Trend/

Bu gün Azərbaycan dünyanın enerji sektorunda əsas oyunçu və neft ixracatçısına çevrilmişdir. Hazırda Cənubi Qafqaz regionunda reallaşdırılan enerji layihələrini Azərbaycansız təsəvvür etmək çox çətindir. Xəzər dənizinin karbohidrogen ehtiyatlarının Avropa bazarlarına çatdırmaqla Azərbaycan Avropa ölkələrinə bir daha etibarlı tərəfdaş olduğunu sübut etməkdədir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti də TAP, TANAP və digər iri layihələrin reallaşdırılmasına - enerji nəqliyyat infrastrukturuna ilbəil milyardlarla dollar sərmayə yatıran dünyada çox az sayda olan şirkətlərdən biridir.

Xəzər dənizi və Qara dəniz bölgəsində baş vermiş son geosiyasi dəyişikliklər, eləcə də regionun enerji təhlükəsizliyini gücləndirmək məqsədilə Azərbaycan, Türkiyə və Rumıniyanın enerji rəsmiləri və nümayəndələri arasında müzakirələr aparılmışdır. Həyata keçirilən və nəzərdə tutulan bütün layihələr - müvafiq olaraq TAP, TANAP, Cənub dəhlizi və digər öhdəliklər 3 ölkə - Azərbaycan, Türkiyə və Rumıniya arasında əhəmiyyətli iqtisadi baza yaradır.

Bildiyiniz kimi ötən ilin yayında Şahdəniz-2 layihəsi çərçivəsində Azərbaycan qazının Avropa bazarlarına çatdıracaq yeni kəmər - TAP layihəsi seçilmişdir. TAP vasitəsiylə Xəzər regionunun mavi yanacağı Yunanıstan və Albaniya ərazisindən keçməklə, Adriatik dənizi vasitəsilə İtaliyanın cənubuna ordan da Qərbi Avropaya çıxarılacaq. Tikintisi 2015-ci ildə başlanacaq kəmərin illik gücü 10 mlyd kubmetr qaz olacaq. Gələcəkdə kəmərin Balkan ölkələrinə və Rumıniyaya genişləndirmək, eləcə də AGRİ layihəsinin reallaşdırılması Azərbaycan qazının Rumıniya və Mərkəzi Avropa ölkələrinə nəqlinə imkan verəcək.

2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəməri və 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin istifadəyə verilməsilə Avropanın enerji xəritəsi dəyişilmişdir. Azərbaycanla Türkiyə arasında iqtisadi layihələrə gəlincə: "Bilirsiniz ki, Türkiyənin Baş naziri aprel ayının 4-də Azərbaycana səfərə gəlmişdir. 30 martda Türkiyədə Bələdiyyələrə keçirilən seçkilərdə Ədalət və İnkişaf Partiyası uğurlu qələbə qazanmışdır. Və Rəcəb Tayyip Ərdoğan da məhz qələbədən sonra ilk xarici səfərini Azərbaycana etmişdir. Bu da təsadüfi deyil. Əgər xatırlayırsınızsa 2013-cü ildə prezident seçkilərində inamlı qələbə qazanan Prezident İlham Əliyev də ilk xarici səfərini qardaş Türkiyəyə etmişdir. Səfər çərçivəsində TANAP, PETKİM və digər birgə həyata keçirilən layihələr ətrafında müzakirələr aparılmış və bildirilmişdir ki, bu layihələrin həyata keçirilməsində hər iki ölkə liderlərinin güclü iradə və qətiyyəti sayəsində mümkün olmuşdur.

Bildiyiniz kimi 30 may 2008-ci ildə Türkiyənin İzmir şəhərində regionun ilk və tək neftkimya kompleksi olan Petkim Petrokimya Holding ARDNŞ tərəfindən hərracda özəlləşdirilmişdir. SOCAR 2023-cü ilədək Türkiyədə ən böyük xarici sərmayə yatıran şirkəti olmaq niyyətindədir, hazırda PETKİM-ə 8 milyard dollar sərmayə yatırılıb, TANAP layihəsi ilə birlikdə isə bu rəqəmin 17 milyard dollara çatdırılması planlaşdırılır. Və bu bir daha Azərbaycanın qardaş Türkiyə iqtisadiyyatına sərmayə yatıran ən böyük investor olduğunu sübut edir. Nəticədə 10 mindən çox yeni iş yeri açılacaq.

STAR Neft emlaı zavoduna gəlincə. İzmirin Əliağa bölgəsində tikilən bu zavodun təməli 25 oktyabr 2011-ci ildə Prezident İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyip Ərdoğan tərəfindən qoyulmuşdur. Tikintisi 2017-ci ildə başa çatacaq NEZ-in ümumi dəyəri 5 milyard dollardır. Zavodun istismara verilməsi neft-kimya kompleksi Petkim üçün mühüm əhəmiyyət kəsb edir .

Trans- Anadolu qaz kəməri (TANAP) ARDNŞ-nin Türkiyədə ən böyük investisiya və strateji layihələrdən biridir. TANAP Türkiyə ərazisi ilə Azərbaycan qazının Avropaya çatdırılmasını təmin edən mühüm və tarixi layihədir. 2018-ci ildə istismara veriləcək boru kəmərindən ildə 16 milyard kubmetr qazın nəqli nəzərdə tutulmuşdur.Nəql edilən qazın 6 milyard kubmetri Türkiyəyə, qalan isə Avropa bazarlarına çatdırılaraq satılacaq. 2008-2018-ci illər ərzində SOCAR TANAP layihəsi də daxil olmaqla Türkiyəyə təxminən 18 milyard dollarlıq sərmayə yatıracaq.

Fəaliyyət göstərdiyi 7 il ərzində SOCAR Rumıniya nümayəndəliyi Rumıniya bazarında da aktiv fəaliyyət göstərir.Hazırda ARDNŞ Rumıniyada 50 mln avro sərmayə ilə paytaxt Buxarest də daxil olmaqla 27 YDM istifadəyə vermiş, 400-ə yaxın yeni iş yeri açmışdır. Yaxın zamanlarda SOCAR stansiyalarına Rumıniyanın bütün regionlarinda görmək olacaq. Bizim xidmətimizdən bütün Rumın istehlakçıları istifadə edə biləcəklər. Bu il üçün isə Rumıniyaya daha 50 mln avro sərmayə yatırmağı planlaşdırırıq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti