...

Prezident İlham Əliyev: Azərbaycan dünyada Xəzər, Qara dəniz və Aralıq dənizlərini birləşdirən və boru kəmərləri şəbəkəsini şaxələndirən ilk ölkədir

Energetika Materials 28 İyun 2014 18:36 (UTC +04:00)
Hazırda ölkələrin milli təhlükəsizliyi enerji təhlükəsizliyindən ayrı tutula bilməz. Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev Bakıda ATƏT Parlament Assambleyasının (PA) 23-cü illik sessiyasının açılış mərasimində çıxışı zamanı deyib.
Prezident İlham Əliyev: Azərbaycan dünyada Xəzər, Qara dəniz və Aralıq dənizlərini birləşdirən və boru kəmərləri şəbəkəsini şaxələndirən ilk ölkədir

Azərbaycan, Bakı, 28 iyun /Trend, müxbir Elçin Mehdiyev/

Hazırda ölkələrin milli təhlükəsizliyi enerji təhlükəsizliyindən ayrı tutula bilməz. Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev Bakıda ATƏT Parlament Assambleyasının (PA) 23-cü illik sessiyasının açılış mərasimində çıxışı zamanı deyib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan təhlükəsizliyə töhfə verir: "Biz enerji diplomatiyası yolu ilə artıq regional əməkdaşlıq qurmuşuq və onu genişləndiririk. Hazırda planlarımız regionumuzun hüdudlarından kənara çıxır. Və enerji siyasətində ənənəvi tərəfdaş və müttəfiqlərimizlə yanaşı, biz avropalı tərəfdaşlarımızı təşəbbüslərimizin bir hissəsi olmağa dəvət edirik".

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan dünyada Xəzər, Qara dəniz və Aralıq dənizlərini birləşdirən və boru kəmərləri şəbəkəsini şaxələndirən ilk ölkədir: "Bu, bizə tədarük marşrutlarımızı şaxələndirməyə və hər hansı tədarük marşrutundan asılı olmamağa imkan verdi ki, bu da istehsalçılar kimi bizim üçün də vacibdir. Və biz tərəfdaşlarımıza strukturlarımızdan, neft-qaz yataqlarımızdan əlavə enerji resurlarını şaxələndirməyə və əldə etməyə kömək etdik".

Dövlət başçısının sözlərinə görə, Azərbaycan və Avropa İttifaqı arasında əlaqələr də qismən enerji sahəsində əməkdaşlığa əsaslanır: "Avropa Komissiyasının prezidenti və mənim tərəfimdən imzalanmış memorandumda Azərbaycan Cənub Qaz Dəhlizinin reallaşdırılmasını dəstəkləyən və yardım edən əsas tərəf kimi göstərilib. Biz üzərimizə ən böyük maliyyə yükünü, ən böyük məsuliyyəti götürdük və bu layihəni reallaşdırırıq. Hazırda Cənub Qaz Dəhlizi üç vacib elementdən ibarətdir: hasilat - dünyada ən iri qaz yataqlarından biri olan "Şahdəniz"dən; tədarük və şaxələndirmə. Tədarük üç boru kəməri üzrə həyata keçiriləcək. Onlar faktiki olaraq, tikinti başa çatdıqdan sonra Bakıdan Avropa və İtaliyayadək böyük bir boru kəmərindən ibarət olacaq. Bu, Trans-Anadolu boru kəməri, Cənubi Qafqaz boru kəməri və Trans-Adriatik boru kəməridir".

Prezident İlham Əliyev deyib ki, bu, hazırda reallaşdırılan ən iri infrastruktur layihəsidir və Azərbaycan regionun və Avropanın enerji xəritəsini dəyişəcək və enerjidaşıyıcıların tranziti ölkələrinə və istehlakçılarına fayda verəcək tarixi layihənin reallaşdırılmasında liderliyi öz üzərinə götürüb. Enerji siyasətində, enerji təhlükəsizliyində və diplomatiyasında bu üç komponent arasında maraqların balansı uğurun qazanılmasında əsas şərtdir: "Mən şadam ki, biz buna nail olduq və yaxın illərdə tərəfdaşlarımızla birlikdə bu tarixi layihəni reallaşdıracağıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti