Azərbaycan, Bakı, 10 sentyabr/Trend, müxbir Emil İsmayılov/
"Azəri-Çıraq-Günəşli" neft-qaz yataqlar blokunun işlənməsinin başlanılmasından etibarən 345 milyon ton neft və 100 milyard kubmetr qaz hasil olunub. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə Bakıda keçirilən "Xəzər Şelfi" Beynəlxalq Konfransında deyib.
Onun sözlərinə görə, 2014-cü il sentyabrın 1-nə olan məlumata görə, Azərbaycanın 185 milyon ton mənfəət nefti reallaşdırılıb. X.Yusifzadə qeyd edib ki, 2013-cü ildə AÇG blokundan hasil edilən 32,7 milyon ton neftdən 22,3 milyon tonu Azərbaycanın mənfəət neftinin payına düşüb.
ARDNŞ-nin vitse-prezidenti deyib ki, yataqda orta sutkalıq hasilat həcmi 90 min ton neft və 35 milyon kubmetr qaz təşkil edir.