Azərbaycan, Bakı, 13 noyabr /Trend/
Bu gün Füzuli rayonunun Qayıdış-1 və Qayıdış-2 qəsəbələrinə ilk dəfə təbii qazın verilməsi münasibətilə tədbir keçirilib.
Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, mərasimdə rayon icra hakimiyyətinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, 201 abonenti olan Qayıdış-1 qəsəbəsinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 7562 metr olan müxtəlif diametrli metal borularla məhəllədaxili qaz xətləri çəkilib, 201 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
137 abonenti olan Qayıdış-2 qəsəbəsinin qazlaşdırılması üçün isə birpilləli sistem əsasında 7921 metr uzunluğunda müxtəlif diametrli metal borularla məhəllədaxili qaz xətləri çəkilib, 137 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Tədbirdə çıxış edən ictimaiyyət nümayəndələri qəsəbələrə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.